Cəbhə xəttində gərginlik davam edir Hadisə

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan ordusu təmas xəttində mövqelərini möhkəmləndirməyə çalışır

"Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub". APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, erməni silahlı bölmələri dünən gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Qeyd edək ki, bu gün qoşunların təmas xəttində monitorinq keçiriləcək. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 10-da Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri Xristo Xristov və Piter Svedberq, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu (Türkiyə) keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Dan Harvey (İsveçrə) keçirəcəklər.
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, cəbhənin cənub-şərqində - Füzuli rayonunun Qazaxlar, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində bir neçə gündür ermənilərin mövqelərini möhkəmləndirməsi müşahidə olunur.
Əsasən gecə saatlarında fəaliyyət göstərən erməni mühəndis-istehkam bölmələri tərəfindən ərazinin minalanması, eləcə də mövqelərin üzərində maneələrin qurulması, açıq ərazilərin bağlanması halları qeydə alınıb.
Azərbaycan tərəfi düşmənin cəhdlərini önləməyə çalışır.