Məsuliyyətli azadlıq: valideyn və müəllimlər harada səhv edir?
14 Oktyabr 23:50

Avrasiyada regional əməkdaşlıq mexanizmlərinin yenidən formalaşdığı və nəqliyyat bağlantılarının geosiyasi əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişaf etdirilməsində önə çıxan aktorlardan biri kimi mövqeyini gücləndirir. Bakının bu prosesdə izlədiyi diplomatik yanaşma ikitərəfli münasibətlərlə yanaşı, çoxtərəfli məsləhətləşmə mexanizmlərini, iqtisadi bağlantıları və regional əməkdaşlığı da əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin 8–9 oktyabr 2026-cı il tarixlərində Türkmənistanda iştirak etdiyi yüksək səviyyəli görüşlər və səsləndirdiyi fikirlər bu yanaşmanın cari prioritetlərini qiymətləndirmək baxımından mühüm zəmin yaradır. Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmə formatında tamhüquqlu iştirak, Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində üzərinə götürülməsi nəzərdə tutulan vəzifələr və beynəlxalq nəqliyyat marşrutları ilə bağlı hədəflər Azərbaycanın Avrasiya diplomatiyasının siyasi və iqtisadi aspektlərini birlikdə ortaya qoyur.
Prezident İlham Əliyevin açıqlamaları Bakının müxtəlif regional platformaları bir-birinin alternativi kimi deyil, fərqli funksiyalara malik diplomatik vasitələr kimi qiymətləndirdiyini göstərir. C6 formatı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın inkişafına imkan yaratdığı halda, Müstəqil Dövlətlər Birliyi postsovet məkanında siyasi dialoqun və iqtisadi münasibətlərin davam etdirildiyi daha geniş çərçivə təqdim edir. Bu iki platformanın birlikdə nəzərdən keçirilməsi Azərbaycanın dəyişən Avrasiya geosiyasi mənzərəsindəki mövqeyini anlamaq baxımından əhəmiyyət daşıyır.
Bu çərçivədə Azərbaycanın regional diplomatiya yanaşması dəyişən güc balansı şəraitində müxtəlif əməkdaşlıq kanallarını açıq saxlamaq və ölkənin geoiqtisadi mövqeyini daha səmərəli dəyərləndirmək məqsədi ilə əlaqələndirilə bilər. Xəzər dənizinin şərq və qərb sahilləri arasında inkişaf edən bağlantılar Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, Azərbaycanın tranzit daşımaları, enerji və logistika sahələrindəki roluna da təsir göstərir. Bununla belə, regional əməkdaşlığın davamlılığı yalnız coğrafi üstünlüklərdən və ya siyasi iradədən asılı deyil. Ölkələr arasında iqtisadi prioritetlərin uzlaşdırılması, infrastruktur investisiyalarının davam etdirilməsi və birgə qərarların həyata keçirilməsi də mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Türkmənistanda keçirilən görüşlər Azərbaycanın mövcud diplomatik əlaqələri ilə yanaşı, Xəzər mərkəzli əməkdaşlığın gələcəkdə hansı sahələrdə dərinləşdirilə biləcəyini qiymətləndirmək üçün də əhəmiyyətli başlanğıc nöqtəsi yaradır.
C6 Formatı və Xəzər Mərkəzli Regional Əməkdaşlıq
8 oktyabr 2026-cı il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya ölkələri və Azərbaycan dövlət başçılarının Məşvərət Görüşü regional əməkdaşlıq baxımından yeni mərhələyə işarə edir. Azərbaycan 2025-ci ilin noyabrında qəbul edilən qərarla Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə mexanizminə tamhüquqlu iştirakçı kimi qoşulub. Türkmənistandakı görüş altı ölkənin ilk dəfə bu formatda bir araya gəlməsi baxımından əhəmiyyət daşıyır. Beləliklə, C5 kimi tanınan regional məsləhətləşmə çərçivəsi Azərbaycanın iştirakı ilə C6 adlandırılan daha geniş əməkdaşlıq formatına çevrilib.
Bu inkişaf yalnız iştirakçı ölkələrin sayının artması ilə məhdudlaşmır. Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında siyasi məsləhətləşmələrin, ticarət əlaqələrinin və nəqliyyat siyasətlərinin daha müntəzəm şəkildə müzakirə edilə biləcəyi zəmin formalaşır. Azərbaycanın coğrafi mövqeyi Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələrini beynəlxalq bazarlarla birləşdirən marşrutlarda mühüm rol oynamasına imkan verir. Qazaxıstan və Türkmənistan limanlarından Azərbaycana uzanan dəniz əlaqələri, dəmir yolu infrastrukturu və Bakı–Tbilisi–Qars xətti bu münasibətlərin əsas elementləri sırasındadır.
Prezident İlham Əliyev görüşdəki çıxışında Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişaf etdiyini, qarşılıqlı investisiyaların artdığını və birgə layihələrin həyata keçirildiyini bildirib. O, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 2025-ci ildə 50 faizdən çox artdığını da qeyd edib. Prezident, həmçinin Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondlarından daha səmərəli istifadə olunmasını, yeni istehsal müəssisələrinin yaradılmasını və sənaye əməkdaşlığının genişləndirilməsini təklif edib. Bu yanaşma münasibətlərin yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmadığını, eyni zamanda birgə istehsal və investisiya sahələrinə genişləndirilməsinin hədəfləndiyini göstərir.
Nəqliyyat bağlantıları bu əməkdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir. Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz və Avropa ilə birləşdirən marşrut kimi önə çıxır. Lakin marşrutun rəqabət qabiliyyəti yalnız coğrafi mövqeyi ilə müəyyən olunmur. Limanların ötürücülük qabiliyyəti, dəmir yolu bağlantıları, gömrük prosedurlarının sürətləndirilməsi və rəqəmsal sistemlərin uzlaşdırılması da həlledici rol oynayır. Prezident İlham Əliyevin açıqlamalarında Xəzər dənizinin artan əhəmiyyətinə və daşımaların həcminin genişləndirilməsinə diqqət yetirməsi bu məsələnin Azərbaycanın regional diplomatiyasındakı yerini ortaya qoyur.
Enerji əməkdaşlığı da C6 formatının gündəliyində yer alır. Prezident İlham Əliyev Azərbaycanın Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində çalışdığını açıqlayıb. Bu təşəbbüs bərpaolunan enerji mənbələrinin potensialından istifadə və ölkələr arasında elektrik bağlantılarının inkişafı baxımından yeni imkanlar yarada bilər. Bununla belə, layihələrin irəliləməsi texniki infrastrukturun qurulmasından, maliyyələşdirmə şərtlərindən və ölkələr arasında davamlı koordinasiyanın təmin olunmasından asılıdır. Buna görə də C6 formatının uğuru siyasi yaxınlığın konkret iqtisadi nəticələrə çevrilməsi ilə ölçüləcək.
MDB-də Sşsədrliyə hazırlıq və Azərbaycanın çoxşaxəli diplomatiyası
Türkmənistan səfərinin digər mühüm istiqamətini Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsindəki mövqeyi təşkil edir. Prezident İlham Əliyev oktyabrın 9-da keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycanın 2027-ci ildə həmsədrlik vəzifəsini üzərinə götürməsinə göstərilən dəstəyə görə təşəkkür edib. O, həmçinin ölkəsinin 2028-ci ildə sədrlik etməyə və həmin ilin payızında Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. Bu bəyanatlar Azərbaycanın postsovet məkanında çoxtərəfli diplomatiya kanallarından istifadəni davam etdirdiyini göstərir.
MDB-nin otuz beş illik tarixinə toxunan . Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın siyasi dialoqun qorunması, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın inkişaf etdirilməsi və ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Çıxışında mədəni və humanitar əlaqələrə də yer verib.
Nəqliyyat bağlantıları da xüsusi diqqət çəkib. Prezidentin verdiyi məlumata görə, 2026-cı ilin ilk yarısında Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaların həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ölkənin ortamüddətli hədəfi Şərq–Qərb və Şimal–Cənub marşrutlarının hər birində daşınan yüklərin həcmini 15 milyon tona çatdırmaqdır. Bu hədəf Azərbaycanın coğrafi mövqeyini iqtisadi dəyərə çevirmək cəhdinin bir hissəsi kimi qiymətləndirilə bilər. Bununla belə, hədəflərin reallaşması infrastruktur investisiyaları ilə yanaşı, qonşu ölkələrlə koordinasiyadan, gömrük prosedurlarının səmərəliliyindən və marşrutların rəqabət qabiliyyətindən də asılı olacaq.
Nəticə və Qiymətləndirmə
Avrasiyada regional əməkdaşlıq mexanizmlərinin inkişafı Azərbaycanın Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında qurduğu əlaqələrin strateji əhəmiyyətini daha aydın göstərir. C6 formatında tamhüquqlu iştirak regional məsləhətləşmələrin əhatə dairəsini genişləndirərkən, MDB çərçivəsində 2027-ci il üçün həmsədrlik və 2028-ci il üçün sədrliklə bağlı açıqlamalar Bakının çoxtərəfli diplomatiya sahəsindəki hədəflərini ortaya qoyur. Orta Dəhliz, Şimal–Cənub bağlantıları və yaşıl enerji layihələri isə bu yanaşmanın iqtisadi tərəfini təşkil edir. Bu təşəbbüslərin təsiri yalnız diplomatik təmasların intensivliyi ilə deyil, birgə layihələrin həyata keçirilməsi və regional bağlantıların davamlı şəkildə inkişaf etdirilməsi ilə də ölçüləcək. Buna görə də Azərbaycanın qarşıdakı dövrdəki rolu siyasi dialoqu konkret iqtisadi əməkdaşlıq sahələri ilə nə dərəcədə birləşdirə bilməsi əsasında qiymətləndirilə bilər.
Qarşıdakı dövrdə Azərbaycanın regional mövqeyini gücləndirmək imkanları müxtəlif diplomatik platformalarda ortaya qoyulan iradənin konkret nəticələrə çevrilməsindən asılı olacaq. Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, enerji bağlantılarının genişləndirilməsi, ticarətin asanlaşdırılması və birgə investisiya mexanizmlərindən səmərəli istifadə bu prosesin əsas istiqamətlərini təşkil edir. Bu baxımdan Azərbaycanın Avrasiya diplomatiyası yalnız yeni əməkdaşlıq formatlarında iştirak etməsi ilə deyil, Xəzərdən Mərkəzi Asiyaya uzanan bağlantıların nə dərəcədə davamlı iqtisadi və institusional nəticələr yaratması ilə qiymətləndirilməlidir.
Mehmet Gökhan Özçubukçu – Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri, Beynəlxalq Münasibətlər üzrə mütəxəssis
Xüsusi olaraq "Xalq Cəbhəsi" üçün