
İkinci Qarabağ müharibəsində Elgiz Fuad oğlu Abbaslı ömrünün 22-ci ilində Vətən və millət yolunda canından keçib. Sabirabad rayonunun Cavad kəndində anadan olan Elgizin yaşının çərçivəsinə sığmayan bu qəhrəmanlığı Azərbaycanın tarixində əbədi olaraq ona yer edib. O, hər qarışına vurğun olduğu Azərbaycan üçün yaşadı, elə zaman-zaman adı Azərbaycanla birgə çəkilər. Gələn nəsillər də onun keçdiyi qısa, amma olduqca şərəfli həyat yolunu özlərinə örnək biləcəklər.
Vətəni sevməyi, torpağı necə qorumağı bizə öyrədən, halal bir ocağın yetirməsi olan Elgiz Abbaslı Sabirabad şəhərində Nəriman Nərimanov adına 2 saylı şəhər tam orta məktəbində təhsil alıb. Müstəqil həyata qədəm qoyanda köksünün altında adına can dediyi doğma Azərbaycana, xalqına sevgi dolu bir ürək çırpınıb. Eləcə iki bacının bir qardaşı olan Elgizin torpağına, yurda bağlılığı, yüksək mədəniyyəti, əxlaqı el-obada ona əsl övlad məhəbbəti, dərin ehtiram gətirib.
Erməni dığaların işğalçılıq siyasətini heç cür vicdanına sığışdıra bilməyən Elgiz orta məktəbdən sonra, yəni 2016-ci ildə cəbhə bölgəsində hərbi xidmətə başlayıb. Topçu vəzifəsində Vətəni göz-bəbəyi kimi qoruyub, hər an yağıdan qisas almaq üçün döyüşə hazır olub. Komandirlərin tapşırıqlarını vaxtında, layiqincə yerinə yetirən, vacib təlimlərdə döyüş bacarığı ilə fərqlənən, hərbi hissədə hamının hörmətini qazanan nümunəvi əsgər Elgiz yoldaşlarına deyib ki, torpaq igid oğulların çiynində Vətən olur. Erməni dığalarına əsir düşəm əzəli yurd yerimiz Qarabağ həsrətlə öz ərənlərin yolunu gözləyir. Onu yağı tapdağından azad etmək bizim borcumuzdur. Müharibə olsa, mən birincilər sırasında gedərəm. Yağıya qarşı son damla qanıma qədər qeyrətlə, kişi kimi vuruşaram. Təki Vətən yaşın, xalqın gələcəyi yaxşı olsun. Elgizin böyük inamla, qətiyyətlə söylədiyi bu fikirlər həm də əsgər yoldaşlarının ürəyində Vətənə məhəbbət, cəsurluq, düşmənə nifrət hisslərini alovlandırıb.
Hərbi xidmətdən sonra Elgiz Sabirabada qayıdıb. Ailəsinə kömək etmək məqsədilə rayon mərkəzində fəaliyyət göstərən böyük mağazalardan birində işə düzəlib. Günləri nə qədər xoş keçsə də, Vətənin dar günündə yerini cəbhə bölgəsində görüb. Təcrübəli topçu kimi dığalara qan qusdurmağa məqam gözləyib.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan Vətən müharibəsində Elgiz Abbaslı ilk gündən düşmənə sarsıdıcı zərbələr endirib, qeyri-bərabər vuruşlardan zəfərlə çıxıb. Onun döyüş yolu Füzuli istiqamətindən başlanıb, girdiyi ağır müharibə meydanlarında göstərdiyi hünər, fədakarlıq yalnız böyük qələbəmizdən xəbər verib. Qartal kimi düşmən üstünə şığımaqla bərabər, həm də ağır məqamlarda döyüş yoldaşlarının həyatını xilas etməklə yadda qalıb.
Ordumuzun Cəbrayıl istiqamətində hərəkət zamanı içərisində hərbi qulluqçular olduğu iki zirehli maşın pusquya düşüb. Düşmən atəşi nəticəsində maşınlardan biri vurulub. Yaralı döyüş yoldaşlarına kömək etmək üçün ilik irəli atılan Elgiz olub. Əvvəlcə iki hərbiçini təhlükəli ərazidən çıxardıb. Lakin növbəti yaralıya yaxınlaşdığı zaman mərmi partlayışı nəticəsində ağır yaralanıb. 8 oktyabr 2020-ci ildə şəhid olub. Beləcə, Vətəni canından artıq sevən, onun azadlığı uğrunda qana susamış düşməni qanda boğmaqla ürəklərdə özünə əbədi yer edən Elgiz Abbaslı dövlət tərəfində də ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Cəbrayılın, Qubadlının azadlığına görə medalları ilə təltif olunub.
Bəli, qəhrəman Vətən sevdalısı Elgizin adı yalnız doğulduğu Cavad kəndində, ailəsinin yaddaşında deyil, bütün Azərbaycan xalqının xatirəsində daim yaşayacaq.
Zəfər Orucoğlu