İqtisadiyyatın şaxələndirilməsinə diqqət yetirilməlidir Siyasət

İqtisadiyyatın şaxələndirilməsinə diqqət yetirilməlidir

Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında Azərbaycanın iqtisadi artım tempinin 2026-cı ildə 1,7 faiz, 2027-ci ildə isə 2,3 faiz olacağı gözlənilir.
Fond may ayında açıqladığı proqnozlarla müqayisədə iqtisadi artımla bağlı gözləntilərini 2026-cı il üçün 0,5 faiz bəndi, 2027-ci il üçün isə 0,2 faiz bəndi aşağı salıb. Beləliklə, BVF-nin qiymətləndirməsinə əsasən 2026–2027-ci illərdə ölkə iqtisadiyyatının orta illik artım tempi 2 faiz təşkil edəcək.
Hesabatda, həmçinin Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,8 faiz, 2027-ci ildə isə 5,6 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
Azərbaycanın iqtisadi artım tempini artırmaq üçün hansı addımlar atılmalıdır?
mövzunu iqtisadçılarla müzakirə edib.

“Sabit və proqnozlaşdırıla bilən biznes mühiti vacibdir”
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli “Xalq Cəbhəsi”nə söyləyib ki, Azərbaycan iqtisadiyyatının artım tempini daha da yüksəltmək üçün ilk növbədə qeyri-neft sektorunun inkişafına, özəl sahibkarlığın genişləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə daha çox diqqət yetirilməlidir: “İqtisadi artımın əsasən neft-qaz gəlirlərindən asılı olması uzunmüddətli perspektivdə müəyyən risklər yaradır. Çünki enerji daşıyıcılarının qiymətlərindəki dəyişikliklər ölkənin gəlirlərinə birbaşa təsir göstərir. Buna görə də kənd təsərrüfatı, emal sənayesi, turizm, logistika, informasiya texnologiyaları və digər sahələrdə istehsalın və xidmətlərin genişləndirilməsi vacibdir. Əsas məqsəd yalnız iqtisadiyyatın həcmini artırmaq deyil, həm də yeni iş yerləri yaratmaq, əmək məhsuldarlığını yüksəltmək və əhalinin gəlirlərinin artımını təmin etmək olmalıdır. İqtisadi artımın sürətlənməsi üçün özəl sektorun üzləşdiyi problemlər də aradan qaldırılmalıdır. Kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışının asanlaşdırılması, kredit faizlərinin sahibkarlar üçün əlçatan səviyyəyə gətirilməsi, vergi və inzibati prosedurların sadələşdirilməsi biznes fəallığını artıra bilər. Eyni zamanda, bazarda sağlam rəqabət mühitinin gücləndirilməsi, inhisarçılıq hallarının məhdudlaşdırılması və sahibkarların hüquqlarının etibarlı qorunması investisiyaların cəlb olunmasına müsbət təsir göstərər. İnvestor üçün yalnız güzəştli vergi rejimi deyil, həm də sabit və proqnozlaşdırıla bilən biznes mühiti vacibdir”.
İstehsalın texnoloji səviyyəsinin yüksəldilməsi
A.Nəsirlinin sözlərinə görə, digər mühüm istiqamət istehsalın texnoloji səviyyəsinin yüksəldilməsidir: “Müasir texnologiyaların tətbiqi, rəqəmsallaşma, elmi tədqiqatlara investisiyaların artırılması və ixtisaslı kadrların hazırlanması əmək məhsuldarlığını yüksəldə bilər: “Azərbaycanda iqtisadi artımın daha sürətli olması üçün daha çox vəsait xərcləməkdən əlavə, mövcud resurslardan daha səmərəli istifadə etmək lazımdır. Dövlət investisiyaları iqtisadi səmərəliliyi yüksək olan, özəl investisiyaları təşviq edən və uzunmüddətli gəlir yaradan layihələrə yönəldilməlidir. Kənd təsərrüfatı və emal sənayesi də iqtisadi artımın sürətləndirilməsində mühüm rol oynaya bilər. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaqla yanaşı, onların emalı, saxlanması, qablaşdırılması və ixracı genişləndirilməlidir. Bu, həm kənd yerlərində məşğulluğu artırar, həm də idxaldan asılılığın azalmasına kömək edər. Bununla yanaşı, qeyri-neft məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və ixracatçıların rəqabət qabiliyyətinin artırılması vacibdir. Əslində, iqtisadi artım tempinin yüksəldilməsi üçün əsas məsələ struktur islahatlarının ardıcıl həyata keçirilməsidir. Neft gəlirləri ölkənin inkişafı üçün mühüm maliyyə mənbəyi olaraq qalır, lakin davamlı iqtisadi artım həmin gəlirlərin nə dərəcədə səmərəli investisiyalara çevrilməsindən asılıdır. Əgər özəl sektorun iqtisadiyyatda rolu artırılsa, rəqabət gücləndirilsə, insan kapitalına investisiyalar genişləndirilsə və istehsalın məhsuldarlığı yüksəldilsə, Azərbaycan daha yüksək və dayanıqlı iqtisadi artım tempinə nail ola bilər”.

Röya İsrafilova