Ermənistan rəhbərliyindən gözlənti: bəyanatlar praktiki nəticələrlə tamamlanmalıdır Gündəm

Ermənistan rəhbərliyindən gözlənti: bəyanatlar praktiki nəticələrlə tamamlanmalıdır

Paşinyanın sülh haqqında səsləndirdiyi fikirlər regionda yeni müzakirə mövzusuna çevrilib. İrəvandan gələn mesajlar müsbət qiymətləndirilsə də, dayanıqlı sülh üçün yalnız bəyanatlar kifayət etmir. Sülh sazişinin imzalanması üçün hansı şərtlər yerinə yetirilməlidir və qarşıda duran əsas maneələr nələrdir?
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən millət vəkili Arzuxan Əlizadə söyləyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla Ermənistan arasında faktiki sülhün bərqərar olması və sülh sazişinin Ermənistan dövlətçiliyinin uzunmüddətli gələcəyi üçün əsas təşkil edəcəyi barədə açıqlamaları müsbət mesajlar kimi qiymətləndirilə bilər. Lakin bu bəyanatların real nəticələrə çevrilməsi üçün İrəvan konkret siyasi və hüquqi addımlar atmalıdır.
Deputat qeyd edib ki, Ermənistan rəhbərliyinin regionda sabitliyin təmin olunmasının və Azərbaycanla münasibətlərin normallaşdırılmasının vacibliyini dərk etməsi müsbət haldır: “Bununla belə, sülh prosesinə real yanaşma yalnız siyasi bəyanatlarla deyil, onların praktik müstəvidə təsdiqlənməsi ilə qiymətləndirilməlidir. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişinin razılaşdırılmış mətninin paraflanması mühüm mərhələ olub. Hazırda əsas məqsəd sənədin imzalanması və ratifikasiyası üçün zəruri şərtlərin yerinə yetirilməsidir. Azərbaycan hər zaman regionda davamlı sülhün və mehriban qonşuluq münasibətlərinin tərəfdarı kimi çıxış edib. Sülhün dayanıqlı olması üçün qarşılıqlı şəkildə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməlidir. Azərbaycanın mövqeyinə görə, sülh sazişinin imzalanması qarşısındakı əsas məsələlərdən biri Ermənistan Konstitusiyasında və onun istinad etdiyi müstəqillik sənədlərində Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəalarla bağlı narahatlıqların aradan qaldırılmasıdır. Digər məsələ ATƏT-in Minsk qrupunun və onunla əlaqəli strukturların ləğvi ilə bağlı qərarın icrasıdır. Bu məsələlər sülh sazişinin imzalanması üçün vacib şərtlər kimi təqdim olunub”.

Deputatın fikrincə, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması, xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi də mühüm əhəmiyyət daşıyır: “Bu proseslər dövlətlərin suverenliyi və yurisdiksiyası əsasında həyata keçirilməlidir. Hazırkı mərhələdə Ermənistan rəhbərliyindən gözlənilən əsas addım sülhə dair bəyanatların praktik nəticələrlə tamamlanmasıdır. Əgər rəsmi İrəvan sülh sazişini öz dövlətçiliyinin gələcəyi üçün həqiqətən mühüm hesab edirsə, mövcud fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində ardıcıl və qətiyyətli mövqe ortaya qoymalıdır. Azərbaycan üçün sülh sadəcə müharibənin olmaması demək deyil. Söhbət gələcəkdə yeni qarşıdurma risklərini aradan qaldıran, qarşılıqlı etimadı gücləndirən və regionda əməkdaşlığa imkan yaradan hüquqi-siyasi münasibətlər sisteminin formalaşdırılmasından gedir.Ermənistanın bəyanatlarının nə dərəcədə səmimi olduğunu zaman və atılacaq konkret addımlar göstərəcək. Sülh sazişinin imzalanması Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları yarada, iqtisadi əlaqələrin genişlənməsinə və nəqliyyat dəhlizlərinin inkişafına töhfə verə bilər. Bunun üçün tərəflər əldə olunmuş razılaşmaları ardıcıl şəkildə həyata keçirməli, sülhün hüquqi əsaslarını möhkəmləndirməli və gələcək nəsillər üçün təhlükəsiz regionun formalaşmasına çalışmalıdırlar”.

Bəyanat sülh üçün yetərlidirmi?

Millət vəkili Azər Allahverənov vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son günlər Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması və sülh sazişinin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər müsbət qiymətləndirilməlidir.
Onun sözlərinə görə, amma bu bəyanatlar sülhün qısa müddətdə təmin olunması üçün kifayət deyil: “Ermənistan rəhbərliyi siyasi ritorikadan konkret addımlara keçməlidir. Nikol Paşinyan Cənubi Qafqazda mühüm proseslərin getdiyini və bu proseslərin təşəbbüskarının Azərbaycan olduğunu anlayır. Xüsusilə iqtisadi əlaqələr və regional inteqrasiya istiqamətində həyata keçirilən layihələr Ermənistan üçün də yeni imkanlar yarada bilər. Zəngəzur layihəsi, TRİP marşrutu və digər kommunikasiya xətlərinin açılması Ermənistanın iqtisadi inkişafına, regional əlaqələrinin genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verə bilər. Paşinyanın son bəyanatları həm də Ermənistanın beynəlxalq ictimaiyyətə sülhə hazır olduğunu nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər. Bu mesajlar beynəlxalq ictimaiyyətə Ermənistanın tez bir zamanda sülhün qurulmasında maraqlı olduğunu göstərməyə hesablanıb. Amma qeyd etdiyim kimi, burada Ermənistan konkret verbal bəyanatlardan və ya sülh ritorikasından irəli gələrək bu məsələ ilə bağlı konkret addımlar atmalıdır”.
A. Allahverənov vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane olan amillərin aradan qaldırılması əsas prioritetlərdən biri olmalıdır: “Ermənistan cəmiyyətində müşahidə olunan revanşist əhval-ruhiyyə, aqressiv ritorika və mehriban qonşuluq münasibətlərinə maraq göstərməyən yanaşmalar sülh prosesinə mənfi təsir edə bilər. Bu vəziyyət Ermənistanın Baş naziri üçün də əlavə çətinliklər yaradır. Buna görə də rəsmi İrəvan yalnız siyasi səviyyədə deyil, cəmiyyət daxilində də etimadın formalaşdırılması istiqamətində mühüm addımlar atmalıdır. Davamlı sülhə nail olmaq üçün bəyanatlarla real siyasət arasında uyğunluq təmin edilməli, qarşılıqlı etimadın gücləndirilməsi və münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl fəaliyyət göstərilməlidir. Yalnız bu halda sülh ritorikasının praktik nəticələrə çevrilməsi və regionda uzunmüddətli sabitliyin təmin olunması mümkün ola bilər”.

Saziş nə vaxt imzalanacaq?

Politoloq Oqtay Qasımov diqqətə çatıdırb ki, Paşinyan bununla Ermənistan cəmiyyətinə hökumətin 2026-cı il üçün proqramında Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələlərində prinsipial mövqe sərgiləmək niyyətində olduğunu göstərməyə çalışır.
Politoloq bildirib ki, bu yanaşma təqdirəlayiq olsa da, sülh prosesinin irəliləməsinə mane olan qüvvələr də mövcuddur: “Son dövrlər Ermənistanda radikal-şovinist meyilli qüvvələr xeyli fəallaşıblar və prosesi əngəlləməyə çalışırlar. Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün bir sıra vacib addımların atılması zəruridir. Ən mühüm və prinsipial məsələlərdən biri Ermənistanda konstitusiya dəyişikliklərinin reallaşdırılması və bununla bağlı referendumun keçirilməsidir. Nikol Paşinyan bir müddət əvvəl yeni konstitusiya layihəsində qonşu ölkələrə qarşı ərazi iddialarının yer almadığını bəyan edib. Digər mühüm istiqamət kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizi və TRİP marşrutu ilə bağlı real işlərə başlanmasıdır. Bununla yanaşı, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də qarşılıqlı etimad mühitinin gücləndirilməsinə xidmət edən digər addımlar da sülh prosesinin sürətlənməsinə töhfə verə bilər”.

Politoloq vurğulayıb ki, bütün bu tədbirlər regionda etimad mühitinin formalaşması və dayanıqlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır: “Ermənistan Konstitusiyasında zəruri dəyişikliklər həyata keçirilərsə, Azərbaycan Prezidentinin də bəyan etdiyi mövqeyə uyğun olaraq, sülh sazişinin imzalanması üçün imkanlar yarana bilər. Biz bunu gözləyirik. Xüsusilə də konstitusiya dəyişikliklərinin həyata keçirilməsi Azərbaycan Prezidentinin dediyi kimi baş tutarsa, o zaman Azərbaycan da hər hansı sülh müqaviləsini imzalamağa hazır olacaq”.

Günel Elxan