KİVDF qalib jurnalistləri mükafatlandırıb Hadisə

KİVDF qalib jurnalistləri mükafatlandırıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz Bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Fondun Müşahidə Şurasının sədri, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, Şuranın üzvü, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, ölkənin aparıcı media orqanlarının baş redaktorları və qalib jurnalistlər iştirak edib. Vüqar Səfərli çıxış edərək bildirib ki,bu ilin yanvar ayının 23-dən martın 6-dək 15 istiqamət üzrə keçirilmiş müsabiqəyə 67 KİV-dən 169 yazı təqdim olunub:" Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən 1-ci yerin qalibləri üçün 500, 2-ci yerlər üçün 400, 3-cü yerlər üçün 300 manat mükafat nəzərdə tutulur". Daha sonra ekspertlərin çıxışları dinlənilib. Ekspertlərdən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, yazılarda köçürmə hallarına rast gəlinir:" Hətta müsabiqəyə təqdim olunan yazılar arasında redaktə olunmamış yazılar da var. KİVDF-nin bu müsabiqəsi jurnalistlərə həm də dəstək xarakteri daşıyır. Ona görə də, jurnalistlər bu müsabiqəyə yazı təqdim edərkən məsuliyyətli olmalı, öz qələmlərinə, imzalarına hörmətlə yanaşmalıdırlar". Çıxış edən digər ekspert Ramiz Əsgər isə xüsusilə regionların iqtisadi inkişafı ilə bağlı istiqamət üzrə təqdim olunmuş yazıların daha çox üst-üstə düşdüyünü bildirib:"Çox təəssüf ki, jurnalistlər bu istiqamət üzrə yazı hazırlayarkən, rayon icra hakimiyyətlərinin veb saytındakı məlumatlardan istifadə etdiklərindən təqdim olunan yazılar bir-birinə bənzəyir. Müsabiqəyə təqdim olunan yazılarda isə informasiyalılıq səviyyəsi, jurnalist araşdırması və sair amillər nəzərə alınır". Daha sonra müsabiqəyə yazı təqdim edərək qalib olan jurnalistlər də çıxış edərək öz fikirlərini bildiriblər. Sonda müsabiqədə qalib gələn jurnalistlərin adları açıqlanıb. V. Səfərli bildirib ki, müsabiqədə iştirak edərək 1-ci yerin qalibi olan jurnalistlər sabah Novruz bayramı ilə bağlı keçiriləcək bayram tədbirində mükafatlandırılacaqlar.