
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları mövcud sifariş və tələbatları nəzərə alaraq yeni metodiki vəsaitlərin hazırlanmasını davam etdirirlər. Mərkəzdən bildirilib ki, bu dəfə mərkəz tərəfindən müxtəlif mövzuları əhatə edən yeddi metodiki vəsait çapdan çıxıb. "Turizm biznesinin avtomatlaşdırılmasında informasiya-kommunikasiya texnologiyalarının rolu" adlı tövsiyədə müasir dövrdə İKT-nin cəmiyyətin inkişafına təsirindən bəhs edilir. "Sumqayıt şəhərinin tarixi muzeyinin nümunəvi iş təcrübəsi əsasında" hazırlanmış metodiki tövsiyə muzeylərin fəaliyyət istiqamətinə həsr edilib.
"Mədəniyyət müəssisələri üçün təqdimatların hazırlanmasının müasir üsul və metodları" adlı metodiki tövsiyədə təqdimatların hazırlanmasından, məlumatların slayd vasitəsilə auditoriyaya çatdırılmasından söz açılıb. "Özfəaliyyət dərnəkləri üçün musiqi tərtibatı işinin əsasları" adlı metodiki tövsiyədə musiqi tərtibatının hazırlanmasından, rejissor və bəstəkar işinin birgə aparılmasından bəhs olunur. "Klub işinin təşkili" adlı metodiki tövsiyədə klub işinin təşkilində informasiya-maarifçilik fəaliyyətinin rolu, klub işinin forma və metodları göstərilib.
"Şəhər (rayon) mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klubların yaradılmaları üçün nümunəvi iş planı" uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafında diyarşünaslığın əhəmiyyətinə həsr olunur. "Şəhər (rayon) mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda (kollektiv, dərnək, kurs və s.) təşkili" adlı metodiki tövsiyədə ümumi klub işi, dərnəklər, həvəskar birliklər və digər maraq klublarının yaradılması qaydaları haqqında məlumat verilib. Metodiki vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı, yerlərdə təqdimatlarının aparılması da nəzərdə tutulub. Bütün metodiki vəsaitlərlə mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq olar.
Qeyd edək ki, bu günə kimi mərkəzin fəaliyyətinin əsas istiqamətlərini və qarşısında müəyyən olunmuş strateji hədəflərini əks etdirən 60-dan çox metodiki vəsait hazırlanıb. Vəsaitlər muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları, KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti, tarixi xronologiyanı, milli folklor mədəniyyətimizi, milli-mədəni irsimizi, gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasını, uşaq şənliklərinin ssenarilərini, habelə musiqi-incəsənət məktəblər üçün dərslikləri əhatə edir.