“Vəkillərin sayı ilə bağlı vəziyyət ürəkaçan deyil” Hadisə

“Vəkillərin sayı ilə bağlı vəziyyət ürəkaçan deyil”

Anar Bağırov: "Vəkilliyə qəbul müddətsiz aparılacaq və bu proses dayanmayacaq"

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun lent.az-a müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik

- Vəkillər Kollegiyasının yeni binası və yeni sədri Azərbaycandakı vəkillik institutunda nələri dəyişə bildi?

- Vəkillər Kollegiyası çox önəmli qeyri-dövlət qurumu olmaqla yanaşı, bu gün ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində müstəsna rol oynayır. Ölkədəki güclü vəkillik institutunun olması o ölkənin ədalət mühakiməsinin qiymətləndirmə meyarlarından biridir. Hazırda Vəkillər Kollegiyası işini bütün beynəlxalq standartlara uyğun olaraq, yenidən təşkil edir. Ötən ilin dekabr ayının 7-də yeni tərkibdə Rəyasət Heyəti və rəhbərliyi seçildi. Hesab edirəm ki, ötən bu 4 ay müddətində xeyli işlər görülüb. Bütün fəaliyyətimiz sistemli xarakter daşıyır. Amma qarşımızda çox önəmli vəzifələr durur. Məlum olduğu kimi, vəkillərin sayına görə, ölkəmizdə vəziyyət heç də ürəkaçan deyil. Bu barədə prezident də öz tövsiyəsini bizə ünvanlayıb. Ona görə də seçkidən dərhal sonra ilk işimiz Vəkillər Kollegiyasına qəbulu bərpa etmək oldu. Bir ay ərzində qəbul prosesi getdi. 2 minə yaxın namizəd sənəd verdi. Yanvarın sonunda test imtahanı keçirdik və nəticədə 607 nəfər namizəd imtahandan uğurla keçdi. Hazırda bu bizim üçün çox böyük bir rəqəmdir. Çünki bizdə vəkillərin sayı 900-dən bir az çoxdu. Demək olar ki, bu qədər vəkil Azərbaycana yetərli deyil. Ümid edirəm ki, bu 607 nəfər namizədin əksəriyyəti imtahanın növbəti mərhələsindən uğurla keçdikdən sonra kollegiyaya üzv qəbul ediləcək. Nəticə etibarı ilə ölkə tarixində ilk dəfə olaraq vəkillərin sayı 1000 nəfəri ötəcək. Vəkillik institutu hal-hazırda inkişaf dövrünü yaşayır. Ən böyük uğur isə cənab prezidentin Vəkillik institutu ilə bağlı 22 fevral tarixli sərəncamıdır.

- Belə bir sərəncam ilk dəfə idi verilirdi?

- 2005-ci ildə də Vəkillər Kollegiyasının maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı bir sərəncam olmuşdu. Amma bu miqyasda ilk dəfə idi. Son sərəncam əslində proqram xarakterli bir sənəddir. Bu həm vəkilliyə dövlətin qayğısının təzahürüdür, eyni zamanda vəkillik institutunun inkişafı ilə bağlı bir çox tövsiyələr var. Burada əsas məsələlərdən biri də bölgələrdə vəkillik fəaliyyətinin yaxşılaşdırılmasıdır.

- Hazırda ölkədə neçə nəfərə bir vəkil düşür?

- Orta hesabla 10 min nəfərə bir vəkil düşür. Bu, xoşagəlməz vəziyyətdir və bizi çox narahat edir. Amma məsələ ondadır ki, artıq Azərbaycanda vəkillərin sayı hər ay yüz nəfərə kimi artacaq. Yaxın günlərdə Vəkillər Kollegiyasının sayı mini ötəcək. Rəyasət Heyətinin qərarı ilə aprel ayının 16-dan etibarən vəkilliyə qəbulu müddətsiz bərpa etmişik. Bu nə deməkdi? Yəni ilk dəfə sənəd qəbul etdik ki, vəkilliyə qəbul müddətsiz aparılsın, yəni bu proses dayanmayacaq. Tələblərə cavab verən istənilən namizəd sənədlərini təqdim edəcək, müəyyən sayda müraciətlər olduqdan sonra biz onları test imtahanından keçirəcəyik. İndinin özündə bir çox namizədlər bu prosesi gözləyirlər. Biz də qəbul üçün tam hazırıq. Bununla da vəkillərin sayını artıracağıq.

- Vəkilliyə qəbulla bağlı mövcud şərtləri ağır hesab etmirsiniz ki?

- Çalışırıq ki, bu şərtlər daha da əlverişli olsun. Bunun üçün artıq təkliflər də hazırlamışıq. Hal hazırda arzu edirik ki, vəkilliyə qəbulda şərt kimi qoyulan 3 illik staj azaldılsın. Çünki bu gün vəkilliyə gənclərin qəbulu ilə bağlı müəyyən problemlər var. Universiteti yeni bitirən gənc hüquqşünasın 3 illik stajı haradan olsun? Bu adam gedib haradasa 3 il işlədikdən sonra vəkilliyə müraciət etməlidir. Beləliklə də biz gəncləri itiririk. İstəyirik ki, bu müddət 1 il olsun. Bəzi iradlar var ki, stajı olmayan hüquqşünas necə vəkil olacaq?

- Mümkündürmü yeni məzunlar ilk stajlarını elə Vəkillər Kollegiyasında keçsinlər?

- Bəli. Mən də stajçı vəkillərin olmasının tərəfdarıyam. Universiteti bitirən gənc bütün imtahanları verdikdən sonra gəlib bizdə stajçı ola bilər. Yəni bir il vəkilin yanında təcrübə keçdikdən sonra biz onu avtomatik vəkilliyə qəbul edə bilərik. O qədər də çətin olmayan məhkəmə proseslərinə çıxıb təcrübə toplaya bilər. Niyə də olmasın? Biz bu kadrları yetişdirməliyik. Bu gün dövlət başçısı da qarşımıza belə bir məsələ qoyub ki, əsasən, gəncləri cəlb edin. Hazırda bizim namizədlər arasında 80 faizi 40 yaşına kimi olanlardır. Bu o deməkdir ki, artıq gənc nəsil vəkilliyə maraq göstərir.

- Azərbaycanda belə bir fikir formalaşmışdı ki, müstəntiq, prokuror ola bilməyənlər, əsasən təqaüdə çıxanlar vəkil olmaq istəyir. Amma Avropada vəkil olmaq müstəntiq olmaqdan daha çox prestij hesab edilir...

- Bu gün diqqət yetirsək, görərik ki, 60 yaşlı vəkillərin sayı artıq azlıq təşkil edir. Orta yaşda olanların sayı daha çoxdur. Getdikcə gənclərin sayı artacaq. Sovet dövründə vəkilə olan münasibət ürəkaçan deyildi. O vaxt Vəkillər Kollegiyası Ədliyyə Nazirliyinin bir şöbəsi idi və dövlət tərəfindən idarə olunurdu. Çox vaxt əsasən təqaüdə çıxan və ya hüquq fakültəsində qiyabi oxuyanlar vəkil olurdu. Çox nadir hallarda yaxşı oxuyan hansısa bir hüquqşünas öz əqidəsinə görə vəkil ola bilərdi. Hətta öz istəyi ilə vəkil olanları bir çoxları qınayırdı ki, niyə gedib müstəntiq olmursan? Hətta onlara ailələrindən belə təzyiqlər olurdu. Bizdə övladı hüquqşünas təhsili alan əksər valideyn istəyir ki, onun uşağı məhz müstəntiq, prokuror, hakim olsun. Az halda valideyn istəyər ki, övladı məhz vəkil olsun. Amma çox xoşbəxtəm ki, valideynlərim vəkillik fəaliyyətimdə məni dəstəkləyiblər. Həmişə fikirləşmişəm ki, insan o işlə məşğul olmalıdır ki, ətrafdakılara fayda versin. Uşaqlıqdan beləyəm. Həmişə çalışırdım ki, zəif komandanın oyunçusu olum. Güclü komandada qələbə qazanmaq çox asandı. Vəkil insanlara kömək edən ən müqəddəs peşələrdən biridir. Prokuror insanları ittiham etdiyi halda, vəkillər onları düşdükləri pis vəziyyətdən çıxarır. Vəkilliyin cəmiyyətdəki nüfuzu artdıqca, insanlar bu peşənin mahiyyətini daha da yaxşı anlayacaqlar. İnanın ki, bu zaman valideynlər özləri övladlarına vəkil olmağı tövsiyə edəcəklər.

- Sovetlərin vaxtından belə bir ənənə qalmışdı ki, insanlar vəkil tutmaqdansa, hakimə "çıxan yollar" axtarırdılar. Bəzən də aradakı vasitəçi elə vəkilin özü olurdu...

- Biz formal vəkillik fəaliyyəti ilə bağlı çox ciddi iş aparırıq. Formal vəkilliyə birmənalı son qoyulmalıdır. Keyfiyyətli hüquqi yardım göstərməyən vəkillər də var. Bu cürləri adımıza xələl gətirir. Bu peşəyə əvvəlcə vəkillərin özü hörmət qoymalıdır ki, kənardakıların da hörmətini qazana biləsən. Hazırkı məhkəmə sistemində vəkillərin normal fəaliyyət göstərməsi ilə bağlı bütün lazımı şərait yaradılıb. Bunu əminliklə deyirəm. Bu gün vəkillər özləri hakimlərin seçkisində iştirak edirlər. Mən özüm də Hakimlərin Seçki Komitəsinin üzvüyəm. Hazırda Məhkəmə Hüquq Şurasının tərkibində də Vəkillər Kollegiyasının üzvü fəaliyyət göstərir. Məncə bundan böyük münasibət ola bilməz. Vəkillər çalışmalıdır ki, hakim və prokurorla münasibəti prosessual xarakter daşısın və qanundan kənar olmasın. Bir çox yerlərdə olduğu kimi vəkillərin də, hakimlərin də arasında qanun pozuntuları olub. Bu dünyanın bir çox yerində belədir. Məsələn, Avropada belə bir deyim var . Onlar deyirlər ki, ağıllı vəkil odur ki, qanunları oxuyur, amma yaxşı vəkil odur ki, o, həm qanunları oxuyur, həm də hakimi nahara dəvət edə bilir. Mən demirəm ki, hakimlə vəkil düşmən olmalıdır. Hər iki tərəf ən birinci etik qaydalara hörmət etməlidir. Lakin onların bu münasibətləri başqalarında hər hansı bir şübhə yaratmamalıdır. Səhəri prosesə çıxıb, axşamı hansısa məclisdə görüşürlərsə, bu barədə insanlarda müəyyən şübhələr yarana bilər.
Vəkillərin peşə ilə bağlı etik qaydalara riayət etməsinə xüsusi diqqət veririk. Yeri gəlmişkən ötən il 7 dekabrda biz Etik Davranış Qaydaları haqqında əsasnaməni yenidən qəbul etdik. Bu sənəd beynəlxalq standartları özündə ehtiva edir.

- Dövlət tərəfindən təyin edilən vəkillərə hazırda nə qədər vəsait ayrılır?

- Bu vəsait əvvəl vəkilin işlədiyi saat üçün 2 manat təşkil edirdi. İndi cənab prezidentin sərəncamı ilə bu məbləğ 3 dəfə artırılıb. Hələ ki, vəkillər bu artırılan məbləği əldə edə bilmirlər, amma məndə olan məlumata görə, artıq Maliyyə Nazirliyinə göstəriş verilib. Bu vəsait 6 manat olacaq. Hesab edirəm ki, bu məbləğ elə də az deyil. Təsəvvür edin ki, əgər bölgədə vəkil 8 saat dövlət hesabına işə çıxarsa, bu 1 gün üçün 48 manat vəsait edir. Onu 24 iş gününə vuranda, 1150 manatdan çox pul deməkdi. Bölgə yerində bu heç də az məbləğ deyil. Bundan başqa, həmin vəkillərin əlavə işləri də olur. Düzdür, bəzən vəsaitin verilməsində gecikmə hallarını müşahidə edirik. İndi bu mexanizmin təkmilləşdirilməsi barədə hökumətimizə təklif verəcəyik.

- Hazırkı hüquq məsləhətxanalarının vəziyyəti heç də ürəkaçan deyil. Bu məsələ ilə bağlı nələrsə planlaşdırılır?

- Bu yaxınlarda bütün Respublika üzrə vəkil qurumlarının rəhbərləri ilə iclas keçirdik. Orada belə bir təklif irəli sürdüm. Belə ki, təklif etdim ki, hüquq məsləhətxanalarının adını dəyişək. Çünki vəkillik fəaliyyəti yalnız məsləhət verməkdən ibarət deyil. Məsləhət, bu fəaliyyətin çox kiçik bir dairəsidir. Hesab edirəm ki, bu adları dəyişməliyik. Ad "Vəkil bürosu" olsa daha yaxşı olar. Məndə olan məlumata görə, vəkil qurumları bu tövsiyəni bəyənərək artıq adlarını dəyişməyə başlayırlar. Eyni zamanda, onların işinin təkmilləşdirilməsi üzrə də bütün lazımi tədbirlər görülür.

- Bəs qadınlarımızın vəkillikdə iştirakı sizi qane edirmi?

- Həmişə onun tərəfdarıyam ki, qadınlar ictimai həyatda daha da fəal olsunlar. Universitetdə təhsil aldığımız zaman xanım tələbələrin sayı oğlanlardan heç də az deyildi. Amma təəssüf olsun ki, sonradan onların çoxunu aramızda görmürük. Onların bir çoxu ailə qurduqdan sonra işləməməyə üstünlük verirlər. Bu gün vəkillikdə qadınların sayı 20 faizdən çoxdur. Bu o qədər də pis göstərici deyil. Hazırda namizədlər arasında da 20 faiz qadınlar var. Amma çox istəyərdim ki, bunların sayı artsın. Bir çox müştərilər var ki, vəkilin məhz qadın olmasını tələb edir. Bu ən çox xanım müştərilər arasında olur. Tutaq ki, o boşanırsa, hesab edir ki, bir xanım onu daha yaxşı anlaya bilər.

- İmtahanların nəticələri sizi qane edir?

- Bəzən insanlarda belə fikir formalaşır ki, keçid balı aşağı düşməlidir, 60 bal yüksəkdir. Əgər hakimlərin keçid balı 60, prokurorların keçid balı 90-dan 70-dirsə, vəkillərin 60-dan aşağı olması doğru ola bilməz. Vəkil hakimdən və prokurordan heç də az biliyə malik olmamalıdır. Biz fəaliyyətdə olan vəkillərlə bağlı da ciddi işlər görəcəyik. Onların bəziləri öz üzərində işləmir. Onların bilik səviyyəsini yoxlamaq, ixtisasartırma kurslarına cəlb etmək kimi fikirlərimiz var.