Gəncədə quldurluq edən şəxsin evindən qumbara tapılıb Hadisə

Gəncədə quldurluq edən şəxsin evindən qumbara tapılıb

Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edən Gəncə şəhər sakini Şahin Məmmədov axşam saatlarında Ş.İ.Xətai prospektində 3 nəfər tərəfindən döyüldüyünü və bıçaqla hədələnərək pulunun alındığını bildirib. DİN-in mətbuat xidmətindən bildiriblər ki, məlumatla əlaqədar dərhal Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Aparılan araşdırmalarla Ş.Məmmədova qarşı quldurluq törədən şəxslərin zərərçəkənə məxsus 120 manat pulu aldıqdan sonra avtomobillə aradan çıxdıqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Keçirilən tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunmuşlar - Göygöl rayon sakini Orxan Həsənli, Gəncə şəhər sakinləri İsgəndər Məmmədov və Hüseyn Mayılov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Əməliyyat tədbirləri ilə polis əməkdaşları tərəfindən İ.Məmmədovun şəhər ərazisindəki yaşadığı evdən 1 ədəd "F-1"qumbarası və heroin aşkarlanaraq götürülüb. Hazırda araşdırma aparılır.