“Azərbaycan türklərini bu cür üsullarla susdura bilməzlər” Hadisə

“Azərbaycan türklərini bu cür üsullarla susdura bilməzlər”

"May ayının əvvəlində Tehranda keçirilən kitab sərgisində "Azər türk" nəşriyyatının pavilyonu panfarsistlərin hücumuna məruz qalıb. Məlumata görə, türk kitabları pavilyonuna hücum edən parfarsistlər "Türk" sözünün üstünə xətt çəkib, Azərbaycan türk millətinin ünvanına ağır söyüşlər yağdırıblar. İrqçilərin bir neçəsi daha irəli gedərək pavilyonla əlaqədar olan insanlara yumruq da atıblar. Bütün bu hadisələr polis əməkdaşlarının gözü qarşısında baş verib, lakin onlar hücumçulara qarşı heç bir reaksiya göstərməyib. İran İslam Respublikasında baş verən bu insident İran Fars rejiminin irqçi siyasətini həyata keçirməsinə ən böyük nümunədir".
Bu fikirlər "Bütöv Azərbaycan Ocaqları"nın yaydığı bəyanatda yer alıb. Bəyanatda həmçinin vurğulanır: "İran Fars rejimi tarix boyu türklərə minnətdar olmalıdır ki, fars dili məhz türklərin hakimiyyəti dövründə ədəbi dilə çevrildi, onun yaşamasını məhz türklər təmin etdi. Bunun müqabilində 1925-ci ildə iqtidara gətirilən İran Fars rejimi dövlətin adını dəyişib İran dövləti qoydu. Bununla kifayətlənməyib Türk tarixini təhrif edib, türk dilini aşağılamağa başladı. Kəsrəvi, Murtəzəvi, Mənsuri və s. kimi qab dibi yalayanlar da ona bu sahədə dəstək verərək türk tarixinə qarşı ən böyük saxtakarlıqlar etdilər. Bu gün öz ərazisində ermənilərə qucaq açan İran Fars rejimi 40 milyona yaxın həmvətənlərimizə öz dilində təhsil almaq haqqını yasaqlamışdır. Hələ bu azmış kimi türk dilində nəşr olunan kitablara qarşı bu cür addımlara yol verir. Bundan ötəri küçə banditlərindən istifadə edir. Bu banditlər də belə hərəkətlərə İran polisinin gösləri qarşısında yol verirlər. Bu harın banditlər utanmadan "Siz azərisiniz, türk deyilsiniz" deyə qışqırıq salıblar. Bunların vəhşiliklərinə görə məsuliyyəti birbaşa İran rəsmiləri daşıyır.
Qeyd edək ki, İranda türklərin mədəniyyət sahəsində atdıqları istənilən addım qadağa, hücum, təzyiq və təqiblərlə üzləşir. Fevral ayında Qum şəhərində keçirilən kitab sərgisində də oxşar hadisə baş vermişdir. "Savalan İgidləri Nəşriyyatı"nın sərgidə iştirak etməsinə mane olan irqçilər "Belə işləri unudun, siz türklər nəfəs çəkirsinizsə, yetər...", - deyə bildirmişdilər". Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq tələb edirik ki, İran Fars rejimi bu cür banditlərin cəzalandırılması üçün tədbirlər görsün.
İran Fars rejimi unutmasın ki, Azərbaycan türklərini bu cür üsullarla susdura bilməzlər! Azərbaycanın Güneyində gedən milli mübarizənin qələbə ilə başa çatacağı gün uzaqda deyildir. Biz, Azərbaycanın Güneyində milli mücadilə aparan həmvətənlərimizi dəstəkləyir və İran Fars rejiminə xəbərdarlıq edirik ki, bu cür halların baş verməsinin qarşısını alsın!".