Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd olunub Hadisə

Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd olunub

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyi qeyd olunub.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar birliyin tarixi haqqında məlumat verib.
O qeyd edib ki, AYB-nin keşməkeşli, əzablı taleyi olub: "AYB-nin tarixində qara səhifələr olub. 37-ci ildə birliyin üzvlərini repressiya ediblər, onlar müxtəlif işgəncələrə məruz qalıblar. Amma şükürlər olsun ki, o çətin günlər arxada qaldı və Stalinin ölümündən sonra ədəbiyyata yeni nəfəs, yeni ruh gəldi. Azərbaycanın müstəqilliyində bizim yazıçıların böyük xidmətləri olub. Yazıçılar Birliyi Azərbaycan mənəviyyatının istehkamıdır və birlik 80 illiyini alnıaçıq qeyd edir".
Yubiley tədbirində Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin yazıçılara ünvanladığı təbrik məktubunu oxuyub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, AYB-nin Azərbaycan ədəbiyyatındakı rolundan danışıb: "AYB-nin inkişafı həmişə dövlətin diqqətində olub və Azərbaycan yazıçılarına dövlət tərəfindən həmişə qayğı göstərilib. Azərbaycan Yazıçılar Birliyi dünyanın ən böyük birliklərindən biridir. Yubiley münasibətilə Azərbaycan yazıçılarını təbrik edirəm".
Yubiley tədbirində Qırğızıstanın xalq şairi Ömər Sultanov, ABŞ-dan Aleksandr Qriç, rus şairi Yevgeni Reyn, Özbəkistandan tərcüməçi Babaxan Şərif, tərcüməçi İmdad Avşar və başqaları çıxış edərək, AYB-nin yubiley tədbiri münasibətilə Azərbaycan yazıçılarına təbriklərini çatdırıblar.