QMİ Ramazan ayı münasibətilə fətva verib Hadisə

QMİ Ramazan ayı münasibətilə fətva verib

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayı münasibətilə fətva verib.
Fətva Qazılar Şurasının dünən keçirilən iclasında qəbul olunub.
Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.
Fətvada qeyd olunur ki, Qurani-Kərimin nazil edildiyi Qədr gecələrinin olduğu, günahların silindiyi və savabların ikiqat artdığı Ramazan ayında oruc tutmaq Uca Yaradan tərəfindən bütün müsəlmanlara vacib edilib. Orucun fəzilətlərindən bəhs edən Həzrət Peyğəmbər (s) buyurub: "Oruc (insanı) Cəhənnəm odundan qoruyan bir qalxandır".
Qafqaz Müsəlmanları İdarəsi hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcı, namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Qazılar Şurası və Elmi-Dini Şura bildirir ki, digər mənbələrdən əldə edilən, təxribat və təfriqə xarakteri daşıyan, habelə məzhəb və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərin dindarlar tərəfindən istifadəsi yolverilməzdir, din xadimləri belə halların qarşını almağa məsuldurlar. Ümid edirik ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları da bu məsələdə bizə kömək edəcək, məhz QMİ-nin tərtib etdiyi təqvimin kütləvi informasiya vasitələri və sosial mediada təbliğinə, yayılmasına nəzarət edəcəklər.

Eydül-Fitr – Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcək. Ramazan bayramı dövlət səviyyəsində və qeyri-rəsmi iş günü kimi qeyd olunur.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası xatırladır ki, Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək böyük günahlardandır və xəbərdarlığı nəzərə almayanlar barəsində ciddi tədbirlər görüləcək. Qazılar Şurası tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, Vətənimiz və torpaqlarımız naminə canlarından keçən şəhidlərimizin də xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin.
Duaların qəbula yetdiyi Ramazan ayında müasir və müstəqil Azərbaycanımızın banisi ümummilli lider Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi, millətimizin rifahı naminə böyük işlər görən və xalqımızın dəstəyi ilə yenidən prezident seçilən İlham Əliyevə Allah-Təaladan xeyir-dualar diləyirik. Qadir Allah dünyada və ölkəmizdə sülhü və əmin-amanlığı bərqərar eləsin, vətənimiz Azərbaycana xöşbəxt və firavan gələcək nəsib etsin, gələn ilin zəfər dolu və qələbə müjdəli Ramazan bayramını doğma Qarabağımızda qeyd etmək sevincini xalqımıza yaşatsın! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!"