“Hərbi paradın keçirilməsi müsbət bir hadisə olacaq” Hadisə

“Hərbi paradın keçirilməsi müsbət bir hadisə olacaq”

"Ərazi bütövlüyümüzü, müstəqilliyimizi qorumağa cavabdeh dövlət təsisatımız olan ordumuz döyüşlər görmüş ordudur. Yalnız tarixi baxımdan deyil, Silahlı Qüvvələrimizin bugünkü mənsublarının da önəmli hissəsi bilavasitə döyüş görmüş hərbçilərdir. Bax, bu özü önəmli faktordur". Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heytərinin üzvü Əkbər Qoşalı deyib. Onun sözlərinə görə, Respublikamızın ərazi bütövlüyü pozulub, torpaqlarımızın xeyli hissəsi düşmən işğalı altındadır: "Lakin heç kəsə sirr deyil ki, bu, ordumuzun Ermənistan qarşısında gücsüzlüyü ilə bağlı bir məsələ olmayıb. Bu, erməni əsgərinin paltarını geyinmiş yadelli erməni dəstəkçilərinin aşırı güc tətbiqi, zamanında paytaxt Bakı və bölgələrimizdəki ictimai-siyasi təbəddülatlarla bağlı olub, bir sıra başqa beynəlxalq və yerli olaylardan irəli gəlib. Yoxsa, bizim elə qəhrəman oğul və qızlarımız olub, hər biri az qala təkbaşına Ermənistan ordusuna yetəcək qədər şücaət göstərib, adını qanı ilə tarixin qızıl səhifələrinə həkk edib. Yəni bu ay yaranmasının 100 illiyini təntənəli şəkildə qeyd edəcəyimiz Azərbaycan ordusu, üzərindəki vəzifələr etibarı ilə böyük sabahın, işıqlı gələcəyin ordusudur, bizə qələbələr yaşadacaq ordudur, inamımızın ordusudur. Odur ki, ordumuzun əlamətdar 100 illik yubileyi münasibətilə böyük hərbi paradın keçirilməsi xalqımızın ruhunu dirçəldəcək, ürəyimizi sevindirəcək, inamımızı şahlandıracaq bir hadisə olacaqdır. Hərbi parad həm xalqımızın öz ordusunun gücünü, malik olduğu silahları görməsi baxımından, həm də işğalçılara gözdağı olması etibarı ilə xüsusi məna-məzmun daşıyır. Son illər bir sıra yerli silahların istehsalı, habelə xarici partnyorlardan yeni silahlar alınması da bu parada diqqəti artıran amillərdəndir. Bildiyiniz kimi, Azərbaycan Silahlı Qüvvələri "Global Firepower" təşkilatının "dünyanın ən güclü ordusu" reytinqində ilk əlilikdə qərarlaşıb. Təsəvvür edin, dövlət müstəqilliyinin bərpasından 27 il keçmiş bir respublika üçün bu adi nəticə sayılmamalıdır. Görün, neçə on illiklərdir müstəqil olan, bəzisinin ərazisi bizdən böyük, bəzisinin əhalisi əhalimizdən çox olan neçə dövləti qabaqlamışıq. – Belə nəticələrin böyük zəhmət bahasına əldə edildiyi şübhəsizdir. Dediyimiz kimi, döyüşlərdə bərkimiş, xalqın arzu və ehtiyaclarından yaranmış Azərbaycan ordusu, bütün kəmfürstəlikləri, ədalətsizlikləri, işğalı öz dəmir pəncəsi ilə xıncım-xıncım edəcək, böyük inamımızı şəkilləndirəcək gücümüz, qüdrətimizdir. Ali Baş Komandanımıza, ordumuzun bütün mənsublarına ən xoş diləklərimi yetirirəm! Şuşaya bayraq sancacaq əsgərimizin sevinc yaşları axıdan gözlərindən öpmək nəsibimiz olsun!".