Cəbhə xəttində gərginlik Hadisə

Cəbhə xəttində gərginlik

Tovuzda ermənilər biri uşaq olmaqla üç nəfəri yaralayıb
Azərbaycan əsgərləri iki erməni hərbçini məhv edib

İyunun 19-da saat 18-dən başlayaraq Tovuzun sərhəd kəndləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Rayonun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, atışma rayonun Əlibəyli və Hacallı kəndlərində olub.
Məlumata görə, erməni silahlı qüvvələri kəndləri iri çaplı silahlardan atəşə tutublar. Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta ağır olduğu bildirilir.
Digər kənd sakini, 72 yaşlı Nağıyeva Qaraqız Qara qızı sağ ayağının 3 və 4-cü barmağını dəlib keçən güllə yarası, onun nəvəsi, 5 yaşlı Nağıyeva Nurcan Osman qızı isə ayağından qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Məlumata görə, atışma 5 saat davam edib.
Cəbhə xəttində Azərbaycan əsgərləri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi zərərsizləşdirilib. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, erməni hərbçilərinin biri iyunun 19-da Qarabağda, digəri isə iyunun 20-də Naxçıvan Muxtar Respublikası ilə sərhəddə öldürülüb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan mətbuata açıqlamasında faktı təsdiqləyib.
Qeyd edək ki, iyunun 5-də də Naxçıvan Muxtar Respublikası istiqamətində Ermənistan Ordusunun iki hərbçisi öldürülmüşdü.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.