Dövlət Statistika Komitəsinin sədri vəfat etdi Hadisə

Dövlət Statistika Komitəsinin sədri vəfat etdi

Arif Vəliyev İkinci Fəxri Xiyabanda dəfn olunub

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev dünən gecə dünyasını dəyişib.
Məlumatı "APA-Economics"ə Dövlət Statistika Komitəsindən təsdiq ediblər. Arif Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhumun dəfn mərasimi dünən keçirilib.
O, İkinci Fəxri Xiyabanda dəfn olunub.
Komitə sədrinin müavini Yusif Yusifov jurnalistlərə bildirib ki, A.Vəliyevin ölümü hamı üçün gözlənilməz olub: "Arif Vəliyev bir il öncə Almaniyada müalicə olunmuşdu. O, çox mərd insan və peşəkar statistik idi. Ömrünün 53 ilini bu işə həsr edib. Bu, Azərbaycan ictimaiyyəti, Dövlət Statistika Komitəsi üçün böyük itkidir".
Qeyd edək ki, A. Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.
1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib. 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.
İki övladı var.