Ermənilər daha bir dinc azərbaycanlı sakini güllələyiblər Hadisə

Ermənilər daha bir dinc azərbaycanlı sakini güllələyiblər

Cəbhənin Qazax istiqamətində isə Azərbaycan Ordusunun hərbçisi minaya düşüb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik azalmır. Cəbhənin müxtəlif istiqamətlərində təkcə ötən sutka ərzində atəşkəs rejimi ümumilikdə 64 dəfə pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.
Cəbhənin Qazax istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb. Ordumuzun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, kiçik çavuş Orxan İlqar oğlu Hacıyev mina partlaması nəticəsində xəsarət alıb. Yaralı hərbçi hospitala yerləşdirilib, vəziyyəti ağırdır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Tovuz rayonunun Əlibəyli kəndi də erməni hərbçilərin atəşinə məruz qalıb. Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, ötən gecə erməni silahlı qüvvələri kəndi yenidən atəşə tutublar.
Məlumata görə, düşmən postlarına yaxın ərazidə traktorlarla ot biçən Gədəbəy rayon sakinləri Rahim Həsənov və Xəqani Cəfərovun düşmən gülləsinə tuş gəlib. Onlara heç bir xəsarət almasa da texnika zədələnib. Təxminən 2 saat davam edən atışma zamanı biçilən otun yığılmasında çətinliklər yaranıb.
Qeyd edək ki, iyunun 18-də axşam ermənilərin açdığı atəş nəticəsində biri uşaq olmaqla 3 nəfər kənd sakini yaralanmışdı.
Qarabağ cəbhəsində ermənilər fitnəkar əməllərindən əl çəkmirlər. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Şıxlar, Şurabad, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Ermənistan Silahlı Qüvvələrinin əkin sahələrini atəşə tutması nəticəsində bir nəfər dinc sakin yaralanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, düşmən Ağdamın işğal olunmuş Şotlanlı və Tərtərin Seyid Sulan kəndindən Tərtər rayonun Qapanlı kəndini atəşə tutması nəticəsində əkin sahəsində traktorla çalışan 1987-ci il təvəllüdlü Əliyev Namiq Nofəl oğlu yaralanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin Qapanlı kəndi üzrə İcra Nümayəndəliyindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, yaralı Tərtər MRX-ya çatıdırılıb. Həkimlər yaralını əməliyyat ediblər. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.