Alimlər “İlandağ” geoparkının yaradılmasını təklif ediblər Hadisə

Alimlər “İlandağ” geoparkının yaradılmasını təklif ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfindən yaradılan, AMEA müxbir üzvü Tələt Kəngərlinin rəhbərliyi ilə fəaliyyət göstərən işçi qrupu regionlarda tədqiqatlar aparıb və nadir geoloji obyektlərin (geosaytların) monitorinqini keçirib. Aparılan tədqiqatlar nəticəsində ölkə ərazisində UNESCO və ProGEO-nun tələblərinə uyğun gələn və səciyyəvi geosaytları özündə cəmləşdirən Culfa (İlandağ), Qırməki, Xaltan və Basqal milli geoparklarının yaradılması məqsədəuyğun sayılıb. Bu barədə 2013-cü ildə nəşr edilmiş "Azərbaycan Respublikasının geoloji irsi" kitabında da məlumat verilib.
Bu baxımdan mühafizə olunan ərazilərin təşkilində "üçü birində" (geosaytlar, memarlıq-arxeoloji abidələr, biomüxtəliflik) modelini tətbiq etməklə Naxçıvan Muxtar Respublikasında "İlandağ" geoparkının (geoarxoparkın) yaradılması daha məqsədəuyğun sayılır. Ərazidə 1977-ci ildə yaradılmış Ordubad Tarixi-Memarlıq Qoruğu və 2003-cü ildən fəaliyyətdə olan Zəngəzur Milli Parkı bu qurumun tərkibinə daxil edilə bilər. Burada geoparkın yaradılmasına üstünlük verən digər bir səbəb ərazinin sərhədyanı bölgədə yerləşməsidir. Arazın sağ sahilində İran İslam Respublikası ərazisində hazırda Culfa geoparkının fəaliyyəti UNESCO və ProGEO tərəfindən dəstəklənən daha yüksək sərhədyanı geoparkın yaradılması üçün şərtlərin mövcudluğunu aydın göstərir. Bununla bağlı Geologiya və Geofizika İnstitutunun nümayəndələri cari ilin fevral ayında UNESCO-nun dəvəti ilə Geoelmlər və Geoparklar Proqramının Parısdə keçirilən 3-cü açıq sessiyasında "İlandağ" geoparkının təşkilinin mümkünlüyü barədə məruzə ilə çıxış ediblər. Sessiyanın katibliyi Azərbaycan alimlərinin təşəbbüsünü maraqla qarşılayıb və geopark yaradılacağı halda onun Qlobal Geoparklar Sisteminə, Ümumdünya İrs Siyahısına salınmasına və müvafiq təşkilati məsələlərin həllinə dəstək verəcəyini bəyan edib.
Qeyd edək ki, "İlandağ" geoparkının yaradılması təbiətin və memarlıq abidələrinin mühafizəsi üzrə yerli əhalinin iştirakı ilə vahid mexanizmin yaradılmasına imkan verir. Eyni zamanda, geoturizmin inkişafı muxtar respublikada iqtisadi fəaliyyətin və yerli təşkilatların inkişafında sabitliyə, həmçinin maarifləndirici-tərbiyəvi fəaliyyətin təşkilinə dəyərli dəstək ola bilər.