Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb Hadisə

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb

İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərenerji" ASC-nin birgə təşkil etdikləri "Azərenerji ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərenerji" ASC-nin prezidentinin müşaviri, AMEA-nın akademiki Arif Həşimov, Səhmdar Cəmiyyətin məsul vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan icraçı direktor Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ilin aprelində ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə yaradıldığını xatırladıb. İcraçı direktor Fondun ötən 9 ildə ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişaf etdirilməsinə, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini bildirib.
Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor, həmçinin, bildirib ki, "Azərenerji" ASC ilə birgə keçirilən müsabiqənin məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə olunması və elektrik enerjisinə artan tələbatın ödənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi ilə əlaqədar reallaşdırılan tədbirlərin, habelə ölkənin sosial-iqtisadi inkişafında elektrik enerjisinin yeri və rolunun ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
İcraçı direktor, yekun nəticələrə əsasən, yazı müəlliflərindən 6 nəfərinin əsas, 10 nəfərinin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb. İcraçı direktor müsabiqəyə sənəd verən, lakin qaliblər sırasına düşməyən müsabiqə iştirakçılarının da diqqətdən kənarda qalmadığını, "Azərenerji" ASC-nin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, onların mükafatlandırılacağını bildirib.
Tədbirdə çıxış edən "Azərenerji" ASC-nin prezidentinin müşaviri akademik Arif Həşimov media nümayəndələrini salamlayaraq onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb. O, Fondla birgə keçirilən müsabiqənin kütləvi informasiya vasitələri ilə "Azərenerji" ASC arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Çıxışını davam etdirən Arif Həşimov Azərbaycanda energetika sisteminin tarixi, sovetlər birliyi dövründəki inkişaf yolu və müstəqillik illərində əldə etdiyi uğurlu nəticələrdən söz açıb. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqil enerji siyasətinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirildiyini, bu sahənin inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Tədbiri yekunlaşdıran icraçı direktor Vüqar Səfərli media ilə səmərəli əməkdaşlığa görə "Azərenerji" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib və belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.