Gəncəyə yeni icra başçısı təyin olunub Hadisə

Gəncəyə yeni icra başçısı təyin olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub, onun yerinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təyin olunub.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Elmar Vəliyevin vəzifədən azad olunması qərarı ona qarşı törədilmiş sui-qəsddən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlıdır.
Belə ki, Elmar Vəliyevin səhhəti ilə bağlı son görüntülər də sabiq merin hələ tam sağlamlığa qovuşmadığını göstərir. Həkimlər onun iş qabiliyyətini tam bərpa etməsinin hələ uzun zaman tələb etdiyini bildirirlər. Gəncə kimi böyük və mühüm şəhərin meri postunu isə uzun müddət boş saxlamaq məqsədəuyğun hesab olunmur.
Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.
1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012-2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır. Polkovnikdir. Ailəlidir, 2 övladı var.