Aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib Hadisə

Aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib

Aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib, ən iri 30 istehsalçıda cari ilin avqustun 1-dən aksiz postları qurulub.
Bu barədə vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Nazir diqqətə çatdırıb ki, bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınıb. Nəticədə isə araq istehsalı və daxili bazarda satış həcmi cari ilin ötən dövrü ilə müqayisədə avqust və sentyabr ayları üzrə orta hesabla 3 dəfə artıb. Aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində isə daxili bazarda qaçaq malın payı cari ilin əvvəlindəki 19 faizdən 3 faizə enib.
Vergidən yayınma ilə bağlı faktlara toxunan nazir bildirib ki, bu ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma ilə bağlı istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 17,6 milyon manat məbləğin ödətdirilməsi təmin edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur.