Respublika Baytarlıq Xidmətindən həyəcan təbili Hadisə

Respublika Baytarlıq Xidmətindən həyəcan təbili

"Bəzən xəstəlik olan ət şadlıq evlərinə, dönərxanalara, ət satışı məntəqələrinə verilir"

"Azərbaycanda ət sektorunun inkişaf strategiyasının hazırlanması nəzərdə tutulur. Bunun üçün hazırda Avropa Şurasından dəvət olunmuş ekspertlərlə birgə iş görülür". Bu sözləri APA TV-də efirə gedən "Sosium" proqramının qonağı, Respublika Baytarlıq Xidmətinin sektor müdiri Ramiz Salmanov deyib.
Qonaq ət və ət məhsullarının istehsalı sahəsində Avropa təcrübəsindən istifadənin əhəmiyyətindən danışıb: "Biz beynəlxalq ekspertlərlə birgə vahid strategiyanın hazırlanması üzərində çalışırıq. Oradakı qanunların Azərbaycanda tətbiqinə ehtiyac var".
Ramiz Salmanov son günlər Respublika Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb müsadirə olunan 3 ton ətlə bağlı məsələyə aydınlıq gətirib: "Etiraf edək ki, Bakıya bəzən müxtəlif yollarla ət gətirilir. Bu məsələ daim Baytarlıq Xidmətinin nəzarəti altında olsa da, bəzən istisnalar da olur. Laborator analizlər nəticəsində aşkarlanan həmin ətdə insanlarda müxtəlif xəstəliklərə səbəb ola biləcək bakteriyalar tapıldığından 3 ton ət müsadirə olunaraq heyvanat parkına verilib. Lakin təəssüf ki, bəzən belə məhsullar dönərxanalara, iaşə müəssisələrinə, şadlıq evlərinə, hətta ət satışı məntəqələrinə və kolbasa sexlərinə də verilir".