“Ölkədə ana südü mətbəxləri yaradılmalıdır” Hadisə

“Ölkədə ana südü mətbəxləri yaradılmalıdır”

"Təklif edirəm ki, bağçalara nəzarət icra hakimiyyəti orqanlarından alınaraq Təhsil Nazirliyinə verilsin. Bunun çox böyük əhəmiyyəti var". Bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirələri zamanı deyib. O bildirib ki, həqiqi hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə, ehtiyatda və istefada olan hərbi qulluqçulara kompensasiya verilməsi prosesi tam başa çatdırılmalıdır: "Hesab edirəm ki, bu çox vacib məsələdir. Həmçinin mənzil kirayəsinin qiyməti xeyli artdığına görə, həmin şəxslərə (ehtiyatda və istefada olan hərbi qulluqçular), indiki hərbi qulluqçulara ayrılan kirayə pulunun artırılması zəruridir".
Elmira Süleymanova həmçinin ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib. O, qeyd edib ki, aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır: "Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanması üçün səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır.
Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir".