Beynəlxalq forumda ölkəmizdə əqli mülkiyyət üzrə görülən işlərdən danışılıb Hadisə

Beynəlxalq forumda ölkəmizdə əqli mülkiyyət üzrə görülən işlərdən danışılıb

VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin informasiya texnologiyaları və dərc şöbəsinin müdir müavini Kəmalə Baxışova da iştirak edib. Agentliyin mətbuat xidmətindən bildirilib ki, Kəmalə Baxışova forumda aparılan müzakirələr zamanı ölkәmizdә әqli mülkiyyәtә hörmәtin aşılanması, piratçılıq və saxtamalçılığa qarşı mübarizə, ictimai maarifləndirmə və s. istiqamətlərdə görülən işlər haqqında mәlumat verib.
Tədbir çərçivəsində humanitar sahənin müxtəlif istiqamətləri - mədəniyyət, təhsil, media, nəşriyyat işi, informasiya texnologiyaları, əqli mülkiyyət və s. üzrə 14 bölmədə müxtəlif konfrans, "dəyirmi masa", sessiya, mühazirə və sərgilər, habelə mədəni proqramlar təşkil edilib. Yüzdən çox ölkənin 35 minədək nümayəndəsinin qatıldığı forumun "Kütləvi kommunikasiyalar" bölməsində keçirilən "Yaradıcılıq kontentinin şəbəkədə qorunması" panelində internetdə əqli mülkiyyət hüquqlarının pozulması və ona qarşı mübarizədə əldə edilən nəticələr müzakirə olunub. "Cult&Tech: kontentin yeni iqtisadiyyatı" mövzusunda "dəyirmi masa"da isə ekspertlər tərəfindən qlobal rəqəmsal mühitdə gəlir əldə etmək üçün ən mütərəqqi biznes-modellər və innovativ yanaşmalar, müasir dünyada süni intellekt, böyük həcmli informasiya axınının yaradıcılıq məhsullarının dövriyyəsi üçün yaratdığı geniş imkanlar haqqında fikir mübadiləsi aparılıb.