Tələbələr üçün Karyera Mərkəzi yaradılıb Hadisə

Tələbələr üçün Karyera Mərkəzi yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə layihəsi kimi UNEC-də yuxarı kurs tələbələri üçün Karyera Mərkəzi yaradılıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açılış mərasimində vurğulanıb ki, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında gənclərin məşğulluğunun təminatı prioritet istiqamətlərdən biridir. Nazirlik tərəfindən aktiv məşğulluq tədbirlərinin təşkilində də gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məsələsi ön planda saxlanılır.
Həmçinin, qeyd edilib ki, tələbə və məzunlarla bağlı bir sıra aktiv məşğulluq tədbirləri təşkil edilir, onların işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılır. UNEC-də Karyera Mərkəzinin yaradılmasında məqsədin yuxarı kurs tələbələrinin əmək bazarında inteqrasiyasını daha da asanlaşdırmaq və gələcəkdə işlə təmin olunmalarına dəstək olmaqdır.
Mərkəzdə ilkin olaraq yuxarı kurs tələbələrindən 32 nəfərin üç həftə müddətində təlimlərə cəlb olunması nəzərdə tutulub. Təlim zamanı işəgötürən qismində iri holdinq və şirkətlərin nümayəndələri iştirak edəcək. Onlar tərəfindən tələbələrə karyera qurmaq üçün təcrübədən irəli gələn bacarıqlar aşılanacaq, öz bilik və potensiallarını daha yaxşı harada və necə reallaşdırmaq üçün məsləhət xidmətləri göstəriləcək. Təlim zamanı tələbələrin karyera qurmaq üçün bilik və bacarıqları da qiymətləndiriləcək, təlimin yekununda uğurlu nəticə göstərən tələbələrə mükafatlar veriləcək.