İran və Azərbaycan dəmir yolları sistemlərini birləşdirəcək Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi tamamilə hazırdır və Prezident Həsən Ruhaninin iştirakı ilə yanvar ayında açılışı olacaq.
Bu sözləri İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrulla Həmidi deyib. Onun sözlərinə görə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu istifadəyə verildikdən sonra yükdaşımaya xərclənən vəsaitin 30 faizinə qənaət ediləcək. Azərbaycan ərazisi ilə yüklərin Rusiya və Avropaya daşınması daha təhlükəsiz və səmərəlidir.
Həmidi bildirib ki, Qəzvin-Rəşt-Astara yolunun tikintisinə 2012-ci ildə başlanıb və 2018-ci ilin noyabr ayında yolun Qəzvin-Rəşt hissəsi tikilib başa çatdırılıb. Rəşt-Astara hissəsi isə qarşıdakı 3 il ərzində inşa edilərək istismara veriləcək. Qəzvin-Rəşt yolunda 53 tunel, 62 körpü inşa edilib. Yolun dağlıq ərazidən keçməsi çətinliklər yaratsa da, layihə vaxtında icra edilib.
Nazir müavini nəzərə çatdırıb ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu yükdaşıma xərclərinin 38 faiz, çatdırılma müddətinin isə 22 gün azalmasına səbəb olacaq ki, bu da iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.