AXC-şərəfli tariximiz Hadisə

AXC-şərəfli tariximiz

Azərbaycan Milli Azadlıq Hərəkatının lokomotivi olmuş Xalq Cəbhəsinin (AXC) təsis edilməsindən 25 il ötür. Ölkənin müasir tarixində analoqsuz yer tutan AXC ideyası milli şüur oyanışının növbəti dalğasında ortaya gətirildi. Bu zaman sovet rəhbərliyinin start verdiyi demokratikləşmə prosesinin və ermənilərin Azərbaycana qarşı torpaq iddialarının doğurduğu milli həmrəylik zərurətinin təsirini də xüsusi vurğulamaq lazımdır. 1988-ci ildə Kremlin dəstəklədiyi erməni avantürasının önlənməsinə xidmət göstərən ümumxalq etirazının zirvəsi isə həmin ilin noyabr-dekabr aylarında keçirilən və tarixə "Meydan epopeyası" kimi düşən iyirmi günlük mitinqlər oldu. Göstərilən ilin 17 noyabr - 5 dekabr aralığında baş tutan meydan hərəkatı millətin bütün təbəqələrini əhatə etsə də, sonda imperiyanın zor maşını qarşısında geri çəkilməli oldu. Bununla belə, həmin aksiya SSRİ-nin çöküşündə on illərlə gözlənilən, hətta sovet dissident mərkəzlərinin yarada bilmədikləri bir dönüş nöqtəsiydi.
Meydanın sovet tankları tərəfindən dağıdılmasından sonra hərəkat fəallarına qarşı ənənəvi repressiyalara əl atıldı. Lakin aydın idi ki, artıq yola çıxmış müstəqillik qatarını təzyiqlər vasitəsilə dayandırmaq mümkün deyildi. Gözlənildiyi kimi, Meydan Hərəkatına məhz belə bir sonluq vurulmasının səbəbləri geniş müzakirə olunurdu. Və gəlinən nəticələrdə qırmızı xətlə vurğulanan bir məqam qeyd-şərtsiz qəbul olunurdu. Əksəriyyət meydandan faktiki məğlub ayrılmanın başlıca səbəbi olaraq, Milli Hərəkatı yüksək səviyyədə koordinə və idarə edəcək təşkilatın yoxluğunu göstərirdi. Həmin təşkilatın "resept"i isə artıq Meydan Hərəktanın vüsət aldığı günlərdə yazılmışdı. Daha dəqiq desək, "perestroyka"nın ilk dönəmində yaranmış şəraitdən maksimum yararlanmağa çalışan Baltikyanı dövlətlərdə kommunistlərə alternativ siyasi qüvvə olaraq, meydana çıxan Xalq Cəbhələri Azərbaycanda da ən məqbul model hesab edildi. Hətta Meydan Hərəkatı günlərində Xalq Cəbhəsinin elan olunması haqda təkliflər səslənsə də, bu məsələdə tələsməmək qərara alındı.
1989-cu ilin ilk günlərindən başlayaraq, bu istiqamətdə səylər gücləndirildi. "Varlıq", "Çənlibel", "Gənc alimlər" və sair qeyri-formal birliklərin birgə iştirakı ilə Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Mərkəzi (AXC TM) yaradıldı. Cəbhənin proqram sənədlərinin hazırlanması da Mərkəzə həvalə olundu. Qısa da olsa vurğulamaq yerinə düşər ki, Mərkəzdə bir araya gəlmiş qeyri-formal birliklərin mövqelərindəki fərqlər prosesin gedişində ciddi problemlərə də yol açırdı. "Gənc alimlər"in AXC-ni liberal və "perestroyka"ya dəstəkçi bir qurum kimi formalaşdırmaq cəhdləri "Varlıq" və "Çənlibel" rəhbərliyi tərəfindən qəbul edilmirdi. Bu ziddiyyətlər hətta AXC ideyasının reallaşdırılması məsələsini də sual altına alırdı. Amma tərəflər mövqelərini qismən yaxınlaşdıraraq, AXC-nin təsis konfransını birgə çağırmağı bacardılar. Və 1989-cu il iyulun 16-da Azərbaycanı XX əsrdə ikinci müstəqilliyinə aparan AXC təsis olundu. Doğrudur, yuxarıda qeyd olunan ciddi fikir ayrılıqları daha da dərinləşdi və 1989-91-ci illər aralığında Cəbhədən əhəmiyyətli qopmalar da baş verdi. Lakin bu çalxanmalar AXC-yə öz tarixi missiyasını uğurla başa çatdırmağa mane olmadı.
Həmin tarixdə izi olanların böyük əksəriyyəti bugün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarında bu ideyaları şərəflə həyata keçirirlər.

"Xalq Cəbhəsi zamanında yaranmış və tarixdə öz sözünü demiş bir təşkilatdır"

BAXCP-nin baş katibi Söhrab Abdullayev: "Azərbaycan Xalq Cəbhəsinin təməli qoyulan ərəfədə sovet imperiyası mövcud idi. Ancaq buna baxmayaraq proseslər başlamışdı. Yəni həmin vaxtlarda milli kimliklər gündəmə gəlmiş, ayrı-ayrı təşkilatlar, qurumlar yaranmışdı. Zaman-zaman gedən işlər nəticədə 16 iyul Azərbaycan Xalq Cəbhəsinin yaranmasına gətirib çıxardı. Biz bir millət olduğumuzu dünyaya sübut etdik. Bu zaman bütün Azərbaycan əhalisinin yüzdə doxsanından çoxu bu hərəkata qoşulmuşdu və özünü xalq cəbhəsinin bir üzvü kimi hesab edirdi.
Xüsusi olaraq qeyd edim ki, Azərbaycanın müstəqillik qazanması AXC-nin və onun lideri Əbülfəz Elçibəyin adı ilə birbaşa bağlıdır. Əbülfəz Elçibəy sovet imperiyası dövründə disident həyatı yaşamış, Azərbaycanın milli azadlığına, bayrağına, dövlətinə ürəkdən bağlı olan bir insan idi. Həmin dövrdə Xalq Cəbhəsinin yaranmasinin böyük əhəmiyyəti vardı. Eyni zamanda, bu hərəkatın xaosa sürüklənməməsi üçün idarə olunan bir sistem ortaya qoyuldu. Azadlığımıza qovuşduq, bayrağımızı qaldırdıq, demokratik cümhuriyyətin bərpası istiqamətində işlərə başladıq. AXC hakimiyyətinin ən böyük uğurlarından da biri ölkədən rus ordusunun çıxarılmasıydı ki, ən qısa zamanda buna nail olduq. Azərbaycanda demokratik prinsiplərin bərpa olunması üçün çoxlu işlər görüldü. Mən hesab edirəm ki, Xalq Cəbhəsi zamanında yaranmış və tarixdə öz sözünü demiş bir təşkilatdır. Bugün də siyasi liderlərin çoxu xalq cəbhəsinin içərisinden çıxmış insanlardır. İstər müxalifət, istər iqtidarda olsun, Xalq Cəbhəsi məktəbini keçən insanların bugün cəmiyyətdə aktiv olduğunu görürük.
Qarabağ döyüşlərində AXC üzvləri çox böyük fəallıq göstəriblər, onların sırasından minlərlə insan şəhid olub, Allah onlara rəhmət eləsin".

"AXC istər hakimiyyətə gəlməzdən öncə, istərsə də sonra millətin öz ucalığına qayıtması üçün gərəkən hər şeyi etdi"

BAXCP-nin humanitar məsələlər üzrə katibi Telman Siyabov: "Cəbhə bu gün də Milli Azadlıq Hərəkatının simvolu olaraq, qalır. Hər halda, bu gün ölkənin siyasi meydanında mövcud olan partiyaların əksəriyyəti dəfələrlə deyildiyi kimi, məhz AXC-nin "şinel"indən çıxıb...
AXC-nin yaradılması iyirmi üç aylıq fasilə ilə öncə çar, sonra isə sovet Rusiyası işğalına son qoyulmasında müstəsna rolu olan tarixi bir hadisədir. Bu gün həmin tarixi saxtalaşdırmağa çalışanlar tapılsa belə, onların cəhdləri heç bir nəticə vermir və verə də bilməz. Çünki məhz AXC istər hakimiyyətə gəlməzdən öncə, istərsə də sonra millətin öz ucalığına qayıtması üçün gərəkən hər şeyi etdi. Bir illik hakimiyyəti dönəmində AXC zaman baxımından, mümkün olan ən qısa sürədə çox ciddi, tarixi islahatlara imza atdı. Belə ki, ölkənin milli valyutası yarandı, ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi məqsədilə prezidentin fərmanı oldu, milli azlıqlarla bağlı yenə də prezidentin tarixi fərmanı verildi, Bakı-Tiflis-Ceyhanın reallaşması üçün bünövrə qoyuldu və s. Ən əsası isə ölkədə rüşvətxorluq və korrupsiyanın kökünün kəsilməsi üçün sözdən işə keçid başlandı. AXC təsis olunan zaman hazırlanan nizamnamə və proqramında insan azadlıqları başlıca meyarlardan sayılırdı. Məhz həmin meyarlar bir illik AXC hakimiyyətində özünü bütün sahələrdə göstərdi. Çox inanmaq istərdim ki, AXC-nin ortaya qoyduğu, ancaq 4 iyun Gəncə qiyamı nəticəsində həllinə nail ola bilmədiyi bir çox mühüm məsələlər yaxın gələcəkdə yoluna qoyulacaq.
Bu da bir həqəqətdir ki, Azərbaycanın öz müstəqilliyini bərpa etməsində AXC-nin rolunu heç kəs inkar edə bilməz. Çox təəssüf ki, bir çoxları hətta çox yaxında olan tariximizi də saxtalaşdırmağa, onun çağdaş tariximizdəki əvəzsiz roluna kölgə salmağa çalışır. Amma onlar boşuna özlərini yorurlar. Çünki tarix saxtakarlığı, riyakarlığı, yalanı və yaltaqlığı sevmir".

"AXC-nin ən böyük xidmətlərindən biri, ümummilli məsələlərdə milləti səfərbər etmək bacarığıydı"

BAXCP-nin dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibi Yaşar Kələntərli: "AXC Azərbaycan tarixində çox böyük önəmə malik olan siyasi təşkilat idi. O vaxt meydanlarda olanların böyük əksəriyyətini gənclər təşkil edirdi. Bakı Dövlət Universitetinin tələbələri isə xüsusi fəallığı ilə diqqət çəkirdi. Onların fəallığı sonradan digər ali təhsil ocaqlarının da aktivləşməsinə öz təsirini göstərdi. Aktiv fəaliyyətin son nəticəsi olaraq Azərbaycan Xalq Cəbhəsi yarandı. İndiyədək proseslərdə aktiv formada, bəzən də pərakəndə şəkildə iştirak edən insanlar məhz AXC tərkibində təşkilatlandılar. Milli Azadlıq Hərəkatının lideri, rəhmətlik Əbülfəz bəy deyirdi ki, biz meydana kütlə kimi girdik, millət kimi çıxdıq. AXC-nin ən böyük xidmətlərindən biri o oldu ki, ümummilli məsələlərdə milləti səfərbər etməyi bacardı. Ümumiyyətlə, Azərbaycanın müstəqillik qazanmasında AXC-nin bir siyasi təşkilat kimi çox böyük rolu olub. Zaman gələcək, tarixi araşdıranlar bu fakta xüsusi diqqət yetirəcəklər. Bundan başqa bu təşkilat digər bu gün fəaliyyətdə olan siyasi təşkilatların yaranmasını şərtləndirdi. Bu gün müstəqqilik haqqında gen-bol danışanlar, gərək müstəqillik yolunda xidmətləri olan insanların da dəyərini versinlər. Biz fəxr edirik ki, ən azı bu proseslərin iştirakçısı olmuşuq, gözümüzün önündə dəyərli insanlar olub, Əbülfəz Elçibəy ilə ünsiyyətdə olmuşuq. Biz də bütün keçmiş cəbhəçiləri təbrik edirik. Hesab edirik ki, onların ayrı-ayrı siyasi təşkilatları olsa da görəcəkləri böyük işlər Bütöv Azərbaycan, Dağlıq Qarabağın erməni işğalçılarından azad olunmasıdır. Bu yolda hər birimizə uğurlar arzulayıram və arzu edirəm ki, bu mübarizlik kifayət qədər vaxt keçməsinə baxmayaraq necə başlayıb, elə də davam etsin".

BAXCP mətbuat xidməti