AzərTacın ABŞ-dakı xüsusi müxbiri... Hadisə

AzərTacın ABŞ-dakı xüsusi müxbiri...

El arasında belə bir deyim var- fərasətli oğul körpəliyindən tanınar. Bunun nə qədər həqiqətə uyğun olduğunu deyə bilmərəm, amma haqqında söhbət açdığım Yusif Babanlını uğur özü yeniyetmə yaşlarından tapıb. Orta məktəbdə oxuyarkən "Azadlığı dəstəkləmə aktı" proqramı çərçivəsində imtahanları uğurla verərək bir il ərzində Amerika məktəbində oxumaq və müvafiq olaraq, amerikalı ailəsində yaşamaq imkanı qazanıb…
Əslən Qazax rayonundandır. Məşhur Azərbaycan yazıçısı Vidadi Babanlının qardaşı oğludur. O, 1980-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 1996-cı ildə orta təhsilini başa vuraraq Qərb Universitetinə qəbul olunub. 2000-ci ildə oranın Amerika ölkələri üzrə regionşünaslıq fakultəsini bitirib. 2001-ci ildə ikinci dəfə ABŞ-a gəlib. 2002-ci ilədək Missuri ştatındakı Lindenvud Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsinə yiyələnib. Oranı bitirdikdən sonra vətənə dönüb. İki il KBR mühəndislik və inşaat şirkətində sənədləşmə üzrə əlaqələndirici vəzifəsində çalışıb. 2004-cü ildə yenidən Missuri Lindenvud Universitetinə qayıdıb. 2005-ci ilin dekabr ayınadək orada təhsil alır, biznesin idarə edilməsi üzrə mağistr dərəcəsinə yüksəlir. Bu elm ocağını bitirdikdən sonra Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərən neft və qaz üzrə layihələrin tərcüməsi şirkətinə dəvət alır. 2006-2013-cü illərdə burada layihə meneceri vəzifəsində işləyir. 2013-cü ildən AzərTacın ABŞ üzrə xüsusi müxbiridir. 2015-2017-ci illərdə Virciniya ştatının Corc Meyson Universitetində münaqişələrin təhlili və həlli üzrə magistr dərəsəsi alaraq, dördüncü ali təhsilini başa vurub…
Texasda yaşayarkən "Hyuston azərbaycanlıları" təşkilatının həmtəsisçilərindən biri olub. Burada yaşadığı yeddi ildə Azərbaycanla bağlı bir sıra tədbirlər həyata keçirib. Milli və rəsmi bayramlarımızla yanaşı, Xocalı soyqrımı, Şuşanın işğalı ilə bağlı tədbirlər bu qəbildəndir...
O, həm də Azərbaycan Amerika Şurası təşkilatının vitse prezidentidir. 2007-ci ildə həmyerlilərimiz Adil Bağırov və Bədir Məmmədli ilə "ABŞ azərbaycanlılarının şəbəkəsi" adlı başqa bir təşkilat yaradıblar. Bu təşkilatın xətti ilə Azərbaycan həqiqətlərini çatdırmaqdan ötrü, bir sıra hökumət və adminstrasiya nümayəndələri ilə görüşlər keçiriblər. Xocalı soyqrımı ilə bağlı kütləvi elektron məktublarının müxtəlif ştatların rəhbərliyinə göndərilməsini təşkil ediblər. Bundan əlavə onlar "Minsk Qrupu"nun ABŞ-dakı həmsədiri ilə görüşüb, Qarabağ həqiqətlərinin düzgün araşdırılması istiqmətində müzakirələrə qatılıblar…
Bütün dediklərim bu gənc soydaşımızın gördüyü işlərin bir hissəsidir. Onun haqqında çox danışmaq olar. Amma ən böyük uğurları qarşıda olduğundan söhbəti burada bitirirəm…
…Ailəlidir, iki oğlu var. Hər ikisi ana dilində sərbəst danışır. ABŞ-da doğulsalar da Azərbaycanı çox sevirlər. Həyat yoldaşı informasiya texnologiyaları sahəsində çalışır...
Bəli, Vaşinqton yaxınlığında yaşayan bu soydaşımız, necə deyərlər, hazır mütəxəsisdir. İnanırıq ki, nə vaxtsa onun səsi Xarici İşlər nazirliyindən gələcək…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan