“Zəlzələ baş verən ərazidə enerji boşalması gedir” Hadisə

“Zəlzələ baş verən ərazidə enerji boşalması gedir”

Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələ ilə bağlı bölgəyə ezam edilmiş AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ərazidə kompleks seysmoloji tədqiqatları davam etdirirlər.
Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentrinə yaxın ərazilərdə RSXM əməkdaşları tərəfindən əlavə mobil stansiyalar quraşdırılıb. Əsas tədqiqatlar Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, zəlzələ baş verən ərazilərin avtomobil yollarında çatlar yaranıb. Məlumata görə, fevral ayının 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.
A.Nəcəfli bildirib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hisəsində 1-3 sm enində 5 yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb. Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur. Sözügedən yollarda hazırda ciddi problem müşahidə olunmur və avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində hər-hansı bir məhdudiyyət yoxdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə deyib ki, Şamaxı-İsmayıllı bölgəsində fevral ayının 5-də saat 23:25 və 23:31-də baş verən zəlzələnin afterşokları hələ davam edir. O bildirib ki, ərazidə enerji boşalması gedir, ümumi vəziyyət sabitdir. Q.Yetirmişli qeyd edib ki, Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları fevral ayının 6-dan zəlzələ baş verə ərazidədir: "Zəlzələnin ocaq zonasında əlavə stansiyalar qurulub, tədqiqatlar aparılır. Dövlət başçısının tapşırığına əsasən, ərazidə gücləndirilmiş rejimdə seysmoloji iş aparılır".
Baş direktorun sözlərinə görə, ərazidə aşağı maqnitudalı zəlzələlər qeydə alınır: "Hazırda afterşoklar emal olunur, sayı ictimaiyyətə açıqlanacaq. Ümumi 130-dan çox afterşok qeydə alınıb".
Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub