Aqrar Universitetdə əlavə təqaüd alan tələbələrlə görüş keçirilib Hadisə

Aqrar Universitetdə əlavə təqaüd alan tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) dövlət sifarişi ilə təhsil alan, əlavə təqaüdlərlə təmin olunan tələbələrin sayının artması dövlətimizin kənd təsərrüfatına, aqrar təhsilin inkişafına diqqəti kimi qiymətləndirilir. Bu fikirlər ADAU-da əlavə təqaüdlə təmin olunan tələbələrin imtahan sessiyasının yekunlarına həsr olunan görüşdə səsləndirilib. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək tələbələrin göstərdiyi nəticələr, qarşıda duran vəzifələr barədə danışıb.
Bildirilib ki, 2018-2019-cu tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında 500-dən çox bal toplayaraq universitetdə təhsil alan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat məbləğində əlavə təqaüd verilir. Qeyri-kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında müvafiq ixtisaslar üzrə 500-dən çox bal toplayan tələbələrə isə ayda 120 manat, 400-499 bal toplayanlara 80 manat məbləğində əlavə təqaüd verilir. Bütövlükdə cari tədris ilində universitetə qəbul olan 1292 tələbənin 879-u dövlət sifarişi əsasında qəbul olunub ki, bunun da 843-ü kənd təsərrüfatı ixtisaslarını əhatə edir. Əlavə təqaüdlərlə təminatın davamlı olması isə tələbələrin imtahan sessiyalarında göstərdiyi nəticələrdən asılıdır. Rektor qeyd edib ki, dövlətimizin aqrar təhsilə qayğısının əsas istiqamətlərindən biri kimi universitetə yüksək balla qəbul olan tələbələrin imtahan sessiyasında da əla nəticələr əldə etməsi aqrar sahənin rəqabətqabiliyyətli kadrlarla təminatına əlverişli zəmin yaradır.