Dağlıq Qarabağ münaqişəsi Berlində müzakirə olunub Hadisə

Dağlıq Qarabağ münaqişəsi Berlində müzakirə olunub

Berlinin Humbold Universitetində "1988-2008 illərdə alman mətbuatında Dağlıq Qarabağ münaqişəsinin təzahürü" adlı layihə həyata keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir "AvroKaukAsiya" cəmiyyəti və "Humbold Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Tarixi Kafedrası"nın 2011-ci ildə təməlini qoyduğu "Qarabağ dialoqu" layihəsi çərçivəsində baş tutub. Tədbirin əsas qayəsi hazırda dünyanın müxtəlif bölgələrində - Suriya, Ukrayna kimi ölkələrdə baş verən böran şəraitində, "dondurulmuş münaqişələr" çərçivəsində medianın rolu, obyektivlik və stereotiplərdən kənara çıxmaq məsələlərinin müzakirəsi olub.
Layihənin may ayında təşkil olunmuş birinci hissəsində "Şpiqel", "Zayt", "FAZ", "Noye Doyçland (ND)" qəzetlərində Dağlıq Qarabağ münaqişəsini işıqlandıran materialların təhlili və çıxarılan nəticə haqda məlumat verilib. Bu dəfə isə çıxarılmış nəticələr əsasında daha geniş və dərin fikir mübadiləsi aparılıb. Adı çəkilən qəzetlərdə Dağlıq Qarabağ münaqişəsini işıqlandıran məqalələrin təhlilini professor, Eva Mariya Aux, doktor Rasim Mirzəyev və kafedranın digər elmi əməkdaşları - Həsən Əli Yıldırım, Nərgiz Abdullayeva, Yuliane Kose təqdim edib. Çıxışlardan sonra dəyirmi masa arxasında münaqişə ilə məşğul olan elmi işçilər, siyasətçilər, media ekspertləri, müxbirlər, tələbələr maraqlı müzakirələr aparıblar.
Tədbirdə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin əməkdaşı Vüqar Qafarov, "Elm və Siyasi araşdırmalar Forumu"nun nümayəndəsi doktor Uve Halbax, "Mediada məsuliyyət institutu"nun rəhbəri doktor Sabina Fişer, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova, Alman İctimaiyyətinin nümayəndələri, Humbold Universitetinin professor-tələbə heyəti, Azərbaycan və türk diaspor nümayəndələri iştirak edib.