Oğlum, döyüşə hazır ol! Hadisə

Oğlum, döyüşə hazır ol!

Arzu Şirinova

Ermənistan silahlı birləşmələri avqustun 1-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər. Gedən şiddətli atışmalarda Azərbaycan ordusunun 8 hərbçisi şəhid olub. Dünənə olan məlumata görə, şəhidlərimizin sayı 13-ə çatıb. Təbii ki, yaralılarımız da var. Düşmənimiz olan ermənilər daha çox itki veriblər. General-leytenant Rövşən Əkbərovun məlumatına görə, baş verən son atışmalarda erməni odusunun 71 əsgəri öldürülüb və 80 əsgəri yaralanıb. Rövşən Əkbərov onu da vurğulayıb ki, bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib.
Bu, rəsmi məlumatdır ki, hər bir Azərbaycan vətəndaşı bunu gözləyir və bundan sonra da gözləyəcək. Çox təəssüf ki, bəzən belə məlumatlar çevik olaraq mətbuata verilmir və sonda çaşqınlıq yaranır. Bu günlər ərzində Kütləvi İnformasiya Vasitələrində gedən yazılara və sərgilənən mövqelərə, efirlərimizin biabırçı durumuna toxunmaq fikrindən uzağam...
Heçə gündür sosial şəbəkələrdə, sayt və agentliklərdə gedən açıqlamalarda, yazılarda, rəylərdə müharibənin başlanması qorxusunu hiss eləyirəm. Ona görə də bir vətəndaş, jurnalist və nəhayət, ana olaraq hiss elədiklərimi sizlərlə bölüşürəm.
Çox gözəl bilirəm ki, İkinci Qarabağ müharibəsi başlasa Amerika bir tərəfdən, Avropa o biri tərəfdən, Rusiya da digər tərəfdən üstümüzə gələcəklər. Hər biri ayrılıqda Azərbaycana vaxtilə götürdüyü- "Dağlıq Qarabağ probleminin danışıqlar yoluyla həll olunması"-öhdəliyini xatırladacaqlar. Azərbaycan mövqeyində israrlı olsa, bu dəfə başqa yola əl atacaqlar-daxildə, eləcə də sərhədlərdə yenə çaxnaşmalar yaradacaqlar. Eyni zamanda, milli azlıqları ayağa qaldırmaqdan çəkinməyəcəklər. Ötən əsrin sonlarında baş verənlər buna bariz nümunədir.
Onu da bilirəm ki, müharibə başlasa Amerika, Avropa, Rusiya və eləcə də İran Ermənistana hər cür yardım göstərəcək-hətta muzdlu döyüşçülərlə də.
Onu da bilirəm ki, müharibə başlasa beynəlxalq təşkilatların, maraqlı dövlətlərin əlaltısı olan qüvvələr fəallaşacaqlar və əllərinə fürsət düşmüş kimi hakimiyyətin əleyhinə daha ucadan danışacaqlar. Hecə ki, bu son baş verənlərdə danışdıqları kimi. Yəni dövlətin və xalqın maraqlarını hakimiyyətə gəlməkdən sonda görənlər hər bir şəhidimizin itkisini əllərində bayraq edib cəmiyyətdə nəbz yoxlamasına çıxacaqlar.
Onu da bilirəm ki, müharibə başlayarsa, bu, yeni qurbanlar, yeni dağıntılar, yeni fəlakətlər deməkdir. Oğulsuz anaların, atasız övladların, qardaşsız bacıların sayı artacaq. Və bu sızlayan yaralar qəbr evinə qədər bizimlə gedəcək.
Ancaq mən onu qəbul etmirəm ki, "Azərbaycan xalqı hələ də itirdiyi 20 faiz torpağını geri qaytara bilmir", qınağını və tənəsini çiyinlərimizdə daşıyırıq. "Elindən-obasından didərgin düşən qaçqın və məcmuri köçkün ordusu evlərinə dönəcək günü həsrətlə gözləyir", deyimi ilə biz kimdən imdad umduğumuzu hələ də dərk etmirəm.
Bizim iki yolumuz var. Birinci yol- şəhid verməmək üçün itirilən torpaqlarımızdan vaz keçək və şərəfsizliyi boynumuza alaq, qəbul edək. İkinci yol-torpaqlarımızı düşməndən təmizləyək, bu zaman hər bir ana "sabah oğlum şəhid ola bilər", şərəfinə hazır olmalıdır. Məhv olmamağımızı, sabah nəslimizin bizimlə qürur duymağını, torpaq itkisinə birdəfəlik son verməyimizi istəyiriksə, ilk öncə biz analar "oğlum, döyüşə hazır ol" əmrini özümüz verməliyik.