Vazgen, bu hələ harasıdır... Hadisə

Vazgen, bu hələ harasıdır...

Arzu Şirinova

Bir müddətdir Dağlıq Qarabağda yaşanan gərginlik-Ermənistan silahlı birləşmələrinin atəşkəsi qəsdən və bilərəkdən pozması, bunun da cavabı olaraq susdurulmaları, ancaq buna baxmayaraq hər iki tərəfdən itkilərin olması, ermənilərin isə daha çox itkiyə məruz qalmaları, Azərbaycan ordusunun torpaqlarımızı düşməndən azad etmək istəyi və bu istəyə Birinci Qarabağ döyüşlərində vuruşan oğullarımızın belə səs verməsi, eyni zamanda, Müdafiə Hazirliyinə müraciətləri, xalqımızın döyüş ruhunun yüksək olması erməniləri yamanca təşvişə salıb. Balacasından tutmuş böyüyünə kimi hamı qorxu içindədir. Bu qorxu deyəsən erməni katalikosu Vazgen Qaraginə də siyarət eləyib. Və avqustun 5-də Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadəyə məktub ünvanlayıb. Vazgen məktubunda Şeyxdən atəşkəs rejiminin bərpası və qorunması üçün Azərbaycan dövlətinin liderinə təsir göstərməsini istəyib. Vazgen məktubunda bildirir ki, ən qiymətli amil insan faktorudur:"Bu səbəbdən də gənclərin həyatlarının qorunması hər şeydən üstün tutulmalıdır".
Erməni katalikos Allahşükür Paşazadədən danışıqlar prosesinin davam etdirilməsi və əvvəlcədən müəyyənləşdirilmiş formatın qorunmasını istəyib.
Hələ Azərbaycan ordusu müharibəyə başlamayıb, belə təşvişə düşən Vazgen görün Ali Baş komandan müharibə əmri versə nə gündə olar. Qaraginin məktubundakı bir nüans diqqətimi çəkdi-"Ən qiymətli amil insan faktorudur. Bu səbəbdən də gənclərin həyatlarının qorunması hər şeydən üstün tutulmalıdır". Vazgen insan amilini və gəncləri düşünməyi indimi anlayıb?
Xocalıda baş verənlər-Vazgenin din qardaşlarının Azərbaycan qadınlarının, qızlarının namusuna təcavüz etmələri, qocalara, körpələrə aman vermədən qətlə yetirmələri və sonradan onların meyitləri üzərində vəhşilik edərək tanınmaz hala salmaları, gənclərə min bir əziyyətlə işgəncələr verdikdən sonra diri-diri qəbrlərə dolduraraq üzərlərini torpaqla örtmələri zamanı Qaragen nədən insan foktorunu nəzərə alıb cinayətkarlara "durun" demirdi?
Azərbaycan türkünün əzəli torpaqları olan Qərbi Azərbaycandan-Ermənistandan qovulan soydaşlarımızın, Dağlıq Qarabağdan və ətraf rayonlardan-Ağdamdan, Kəlbəcərdən, Laçından, Füzulidən, Cəbrayıldan, Qubadlıdan, Zəngilandan məcburən çıxarılan vətəndaşlarımızın yaşadıqları insan amilinə zərbə deyildimi?
Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib, bunun nəticəsində 1 milyon qaçqın və məcburi köçkün doğma yurdundan didərgin düşüb, o yerlərin havasına, suyuna, təbiətinə öyrənən insanlar məcburi həyat sürdükləri yerlərdə yaşaya bilmədikləri üçün vaxtsız-vədəsiz dünyalarını dəyişirlər. Bəs bütün bunlar insan faktoru deyilmi?
İnsan faktorunu anlayan və buna dəyər verən, gənclərin itkisinə üzülən Vazgen birinci olaraq Ermənistanın prezidenti-Dağlıq Qarabağda əli Aəzərbaycan türkünün qanına bulaşan Sarikisyana, bütün dünyanı xərçəng kimi ağuşuna alan erməni lobbisinə təzyiq etməlidir ki, artıq bəsdirin erməni xalqının taleyilə oynadınız. Məhz onların siyasətlərinin nəticəsidir ki, bu gün erməni xalqı Cənubi Qafqazda reallaşan və bundan sonra da reallaşacaq bütün layihələrdən kənarda qalıb. O vəziyyət yaranıb ki, artıq Ermənistanda əhali məcburən saxlanılır. İmkan düşən kimi Ermənistandan qaçıb qurtarmağı ermənilər həyatlarının qurtuluşu sayırlar. Vazgen birinci erməni xalqının durumunu fikirləşib anlamalıdır ki, Ermənistan silahlı birləşmələri işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdır. Yoxsa Vazgen sabah bu gün üçün şükür edəcək.