Tovuzda üç erməni minaya düşdü Hadisə

Tovuzda üç erməni minaya düşdü

Sağ qalan Çinari sakini yerli sakinlər tərəfindən əsir götürülüb

Dünən səhər Tovuz rayon sakini rayon ərazisindəki Ağbulaq kəndində dağ ərazisində bir nəfər mülki geyimli ermənini saxlayıb. Rayon sakinləri Azərbaycan-Ermənistan sərhədini pozan həmin erməninin diversant olmasından şübhələniblər.
Hadisə yerinə dərhal Milli Ordunun əsgərləri gəlib və erməni əsiri aparıblar. Əsir düşən Ermənistan vətəndaşı 1965-ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğludur.
Ağbulaq kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev Röyal İsmixan oğlunun APA-nın qərb bürosuna bildirdiyinə görə, sərhədi keçən ermənini o tutub: "Evdə yatırdım. Eşitdim ki, həyətdə kimsə anamdan çay istəyir. Çıxdım həyətə. Məni görən kimi erməni işarə ilə məndən siqaret istədi. Dedim ki, səndə siqaret yoxdur, məndən istəyirsən? Cibindən boş qutunu çıxarıb göstərdi. Gördüm ki, siqaret qutusu bizim ölkədə satılan siqaretə oxşamır. Şübhələndim. Tez maşının təkər açarını götürdüm, onu qorxudub, yerə yıxdım. Hardan gəldiyini soruşdum. Elə bil Azərbaycan dilini başa düşürdü. Cavab verdi ki, Çinarlıdan gəlib. Onu tutub kəndin mərkəzinə apardım və hərbçilərə təhvil verdim".
R.Quliyev onun mobil telefonunda silah fotolarının olduğunu da qeyd edib: "Soruşduqda dedi ki, qardaşı hərbçidir, telefondakı fotolar da onun silahının fotolarıdır".
Tutulan erməni kənd sakinlərinə deyib ki, sərhədi keçən zaman 3 nəfər olublar. Sərhəddə mina partlayışı olub və digər iki nəfər ölüb.