MıSDıM-çıların mərkəzi Hadisə

MıSDıM-çıların mərkəzi

Növbəti "Sıfır"ınız mübarək, cənablar...

Elçin Mirzəbəyli

Özümə söz vermişdim ki, bir müddət daxili siyasi proseslərlə bağlı məsələlərə münasibət bildirməyəcəyəm. Amma ölkənin siyasi arenasında elə hadisələr baş verir ki, münasibət bildirməmək mümkün deyil. Deməli belə... Avqustun 7-də İsa Qəmbər, Eldar Namazov və başqaları əməkdaşlıq etmək (yəni etməmək - E.M.) üçün yeni qurum yaradıblar. Ənənəvi olaraq qəşəng ad da veriblər bu quruma: Milli Strateji Düşüncə Mərkəzi (MSDM - mənim yozumumda MıSDıM - E.M.) . Afərin, bərəkəllah, səd bərəkallah (arxaik adamlar haqqında arxaik deyimlərdən istifadə etmək məcburiyyətindəyəm - E.M.). Adıyla böyüsün...
Amma məsələnin maraqlı bir tərəfi də var. Çox uzağa getməyəcəyəm, son prezident seçkiləri öncəsi MıSDıM-ı yaradanlar şimaldan əsən küləklərin təzyiqi altında RUStam İbrahimbəyovun layihəsinin künc-bucağında mısmışdılar. Elə bu fakt yetərlidir ki, Yaradılan mərkəzin adındakı "milli" sözünü bir kənara qoyasan... Yəni, MıSDıM-çıların yaratdıqları yeni mərkəz ən azından RUStamın "Milli Şurası" qədər "milli"dir. "Milli" sözündən qurtulduq və yerdə qaldı Strateji Düşüncə Mərkəzi. Ardıcıllığa əməl edərək "strategiya" sözünün konkret faktla bağlı yozumunu verək: Əgər bu adamların strategiya haqqında təsəvvürləri olsaydı, o zaman siyasətə mülkiyyət (torpaq sahəsi) davası üzərində gələn və özünü vətəndaşı olduğu ölkənin avtoritar hakimiyyətinin istifadəsinə verən avantürist RUStam İbrahimbəyovun ssenarisində yer almazdılar. Buraya İbrahimbəyovun xarici ölkə vətəndaşı olduğunu və bu səbəbdən prezidentliyə namizədliyinin qanuni əsaslarla qeydə alınmayacağını da əlavə etsək ortalığa tamamilə aydın bir mənzərə çıxır. Kəsəsi, "strategiya" məsələsini də qatlayıb qoyduq bir kənara. O ki qaldı düşüncəyə, əgər bu adamlarda düşüncə olsaydı yuxarıda sadaladığım bəsit səhvlərin heç birinə yol verməzdilər.
Qaldı "Mərkəz"... Milli hədəf, strategiya və düşüncə olmayan yerdə yaradılan istənilən "Mərkəz" ortası boş halqa təəssüratı yaradır. Başqa yerə yozmayın, söhbət sıfırdan gedir...
Necə deyərlər, növbəti "Sıfır"ınız mübarək, cənablar, xeyirli olsun...