Vətən müdafiəçilərinin maddi və sosial vəziyyətinə qayğı dövlət başçısının diqqət mərkəzindədir Hadisə

Vətən müdafiəçilərinin maddi və sosial vəziyyətinə qayğı dövlət başçısının diqqət mərkəzindədir

Cəbhəyə könüllü getmişəm. Mənim döyüş yolum Kəlbəcər rayonunun Yanşaq kəndi və Murov dağının ətrafında olub. 1994-cü ilin qışında Şişqaya ətrafında donvurmaya məruz qalmışam. Həmin hadisədən sonra 3-cü qrup Qarabağ müharibəsi əlili kimi ordudan tərxis olunmuşam.
Əslən Siyəzən rayonundan olan İlham Nəcəfov keçdiyi döyüş yolunu belə xatırlayıb. Erməni quldurlarına qarşı aparılan Murovdağ əməliyyatı onun qəlbinə əbədi olaraq yazılıb. Qarlı aşırımlardakı ölüm-dirim savaşı İlhamın son döyüşü olub.
Ötən həftənin axırlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qaradağ rayonunda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilən iki otaqlı mənzillərdən biri də onun ailəsinə verilib. İndiyədək paytaxtın Biləcəri qəsəbəsində kirayənişin yaşayan İlham öz minnətdarlığını dövlət başçısına ünvanlayıb: “Prezident İlham Əliyevə həyat yoldaşımın, oğlum Vüsalın, qızım Səyyarənin adından təşəkkür edirik. Torpaq uğrunda qurban gedən, qan tökən, mübarizə aparan, əlillik dərəcəsi alan hər kəsin sosial rifahı, maddi durumu onun diqqət mərkəzindədir. Təkcə bu il müavinətlər iki dəfə qaldırılıb. Həmin kateqoriyadan olanlara təqdim olunan mənzillər də bunun daha bir təzahürüdür. Onun bizə bəxş etdiyi hər cür rahatlığı olan ev Yeni il ərəfəsində bizim üçün ən dəyərli və unudulmaz hədiyyədir”.