İsrail şirkətləri müdafiə sərgisinə qatılacaqlar Hadisə

İsrail şirkətləri müdafiə sərgisinə qatılacaqlar

Müxtəlif silah və hərbi vasitələrin Azərbaycanın hərbi qurumları üçün təqdimatı təşkil olunacaq

İsrail müdafiə sənayesi sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 müdafiə sərgisində İsrail Müdafiə Nazirliyinin Beynəlxalq Müdafiə Əməkdaşlığı Agentliyinin (SİBAT) rəhbərliyi altında 16 şirkətlə qatılacaq.
APA-nın sərginin təşkilatçısı olan "İteca Caspian" şirkətinə istinadən verdiyi məlumata görə, sərgidə İsraili SİBAT və dünyanın böyük müdafiə şirkətləri olan "Elbit Systems", IMI, İAİ, IWI, "Rafael"-lə yanaşı, müdafiə sənayesində tanınmış "Aeronautics", "Visionmap", "ATL-Atlantic Technologies", "Camero-Tech", DSIT, "Fibrotex Tech", "İspra LTD", "Plasan", "Meprolight", "Ness Technologies" şirkətləri də təmsil edəcək.
APA-nın əldə etdiyi məlumata görə, İsrail şirkətləri tərəfindən ADEX-2014 sərgisində müxtəlif silah və aviasiya sistemləri, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri, proqramlaşdırma, maskalanma vasitələri, nəqliyyat vasitələri, elektro-optik sistemlər, mühafizə vasitələri, dəniz silah və sonar sistemləri, müxtəlif sensorların Azərbaycanın hərbi qurumları üçün təqdimatı təşkil olunacaq.