Daşkəsənin 3 qəsəbəsində 284 yaşayış evi qazlaşdırılıb Hadisə

Daşkəsənin 3 qəsəbəsində 284 yaşayış evi qazlaşdırılıb

Dekabrın 24-də Daşkəsən rayonunda 3 qəsəbədə ümumilikdə 284 fərdi yaşayış evinə “mavi yanacağın” verilməsi təmin olunub.
“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu münasibətlə Quşçu körpüsü qəsəbəsində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, “Azəriqaz”ın Şəmkir Regional qaz istismarı idarəsinin rəhbərliyi, sakinlər və qaz təsərrüfatının işçiləri iştirak ediblər. Bildirilib ki, bu il bölgələrdə qazlaşdırma işlərinin sürətləndirilməsinə dair icra edilən dövlət proqramı çərçivəsində rayonun Daşkəsən qəsəbəsində 103, Quşçu körpüsü qəsəbəsində 82 və Quşçu qəsəbəsində 99 fərdi yaşayış evinə təbii qaz verilib.
Hər 3 qəsəbədə layihə-smeta sənədlərinə əsasən, “Tikinti norma və qaydaları”nın tələblərinə uyğun olaraq bir pilləli sistem əsasında ümumilikdə 14 min 170 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Evlərdə fərdi qaz tənzimləyicisi və qaz sayğacları quraşdırılıb.