“Jurnalistlər yox, sirləri qoruya bilməyənlər cəzalandırılmalıdır” Hadisə

“Jurnalistlər yox, sirləri qoruya bilməyənlər cəzalandırılmalıdır”

Zeynal Məmmədli: "İstəmərəm ki, ölkədə qəbul edilən qanunlar beynəlxalq qanunvericiliyə zidd olsun"

"Jurnalistin əsas məqsədi cəmiyyəti düzgün məlumatlandırmaq və hansısa maraqlara xidmət etməmək olmalıdır".
Bunu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media eksperti Zeynal Məmmədli söyləyib.
Hərbi və dövlət sirlərini yayan jurnalistlərə qarşı ağır cəzaları nəzərdə tutan qanun layihəsinin hazırlanmasına münasibətini bildirən Z. Məmmədlinin fikrincə, mətbuat nümayəndəsi hansısa sirri açırsa, deməli, həmin sirr düzgün qorunmur: "Əslində Azərbaycanın düşdüyü mövcud şəraitdə jurnalistin üzərinə ağır məsuliyyət düşür. O hansısa hərbi məlumatın sirr olduğunu bilmədən açıqlayırsa, deməli, ölkədə mürəkkəb situasiya yaranıb. Məlumatı bilmədən yayan jurnalist, bu hərəkəti ilə dövlət və hərbi sirləri qoruyanlara düzgün işləmədiklərini açıqlamaq istəyib. Buna görə də jurnalistlər deyil, sirləri qoruya bilməyən şəxslər cəzalandırılmalıdır".
Bu qanunun qəbulunun söz və media hüquqlarının pozulması kimi qələmə verilməsi ilə bağlı məsələyə toxunan ekspert qanun layihəsi ilə tanış olmadığı üçün konkret fikir söyləyə bilməyəcəyini bildirdi: "Bununla belə, Azərbaycan Avropa Şurası, BMT və digər beynəlxalq qurumların üzvü olduğu üçün, söz azadlığı və digər beynəlxalq hüquqlarla bağlı öhdəliklər götürüb. Buna görə də istəmərəm ki, ölkədə qəbul edilən qanunlar beynəlxalq qanunvericiliyə zidd olsun. Ümid edirəm ki, bu qanunun qəbulu da beynəlxalq hüquqlara uyğun olacaq".