Qarabağın işğalı faktı Almaniya Bundestaqında gündəmə gətirilə bilər Hadisə

Qarabağın işğalı faktı Almaniya Bundestaqında gündəmə gətirilə bilər

"Azərbaycanın üzləşdiyi işğalla bağlı faktlar Almaniya Bundestaqında gündəmə gətirilə bilər". Bu barədə Azərbaycan-Amerika Gəncləri ictimai birliyinin sədri Vüqar Əhmədov məlumat verib.
O bildirib ki, sözügedən məsələ Avropa ölkələrinə səfəri çərçivəsində Almaniya Bundestaqının üzvü Heinz Barchmann ilə görüşdə müzakirə olunub: "Görüşdə Azərbaycanın qərbə inteqrasiyasının ölkəmiz üçün prioritet olduğu qeyd olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda son zamanlar təmas xəttində atəşkəsin pozulması və bölgədə gərginliyin artması haqqında məlumat verilib və münaqişənin yeganə həlli yolunun - Ermənistana beynəlxalq təzyiqlərin artırılmasının vacibliyi vurğulanıb. Təqdimata görə təşəkkür edən Almaniya Bundestaqının üzvü, Almaniya Sosial Demokratlar Partiyasının nümayəndəsi və Bundestaqın xarici əlaqələr komitəsi sədrinin müavini Heinz Barchmann bölgədə yaranan son durumu diqqətlə izlədiyini və Azərbaycana səfər etmək, bölgədəki vəziyyətlə daha yaxından tanış olmaq arzusunda olduğunu qeyd edib".
Vüqar Əhmədov sonda bildirib: "Görüş zamanı Heinz Barchmanndan xahiş etdim ki, Azərbaycanın üzləşdiyi işğalla bağlı faktları Almaniya Bundestaqında gündəmə gətirsin".