
Ermənistanın avqustun əvvəlində cəbhədə törətdiyi təxribatla bağlı
Ermənistanın avqust ayının əvvəlində Azərbaycanla təmas xəttində törətdiyi təxribatla bağlı ATƏT Parlament Assambleyasının (PA) rəhbəri İlkka Kanervaya müraciət olunub.
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, müraciəti Azərbaycan adından o edib.
Müraciətdə assambleyadan bu təxribatla bağlı qurumun konkret münasibət bildirməsi istənilir: "Yazılı müraciətdən əlavə, bizim intensiv telefon danışıqlarımız da oldu. Qurumun prezidenti cavab məktubunda bizə bildirdi ki, bu məsələnin onlar tərəfindən ciddi diqqət mərkəzində olduğunu vurğulayıb, bununla bağlı ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin münasibətini xatırladaraq fəaliyyətlərində diqqətdə saxlayacaqlarını bildirib".
B.Muradova onu da qeyd edib ki, Ermənistanın cəbhədəki təxribatı məsələsi birmənalı olaraq ATƏT PA-nın Cenevrədə keçiriləcək payız sessiyasında da qaldırılacaq.
O qeyd edib ki, sessiyanın konkret günü və gündəliyi hələ ki məlum deyil: "Amma ehtimal var ki, Bakı sessiyasında müzakirə olunan məsələlər yenidən qayıdılacaq. Çünki oradakı əksər məsələlər hələ həllini tapmayıb".
B.Muradova onu da deyib ki, sessiyada ATƏT-in Minsk Qrupunun fəaliyyəti və Qarabağ problemi ilə bağlı qurumun Bakı sessiyasında başladılan işin nəticələrinə də nail olunmağa çalışılacaq: "Bura nəinki Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun ATƏT-in Minsk Qrupunun sessiyada hesabat verməsi təklifi, eyni zamanda hansısa sənədin qəbul olunmasına nail olmaq da aiddir".