Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib Hadisə

Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Radiokimya laboratoriyasının rəhbəri, kimya üzrə elmlər doktoru Xaqani Məmmədov ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Kataliz və kimya mühəndisliyi” CCE-2020 IV Beynəlxalq konfransında iştirak edib.
İnstitutdan bildirilib ki, tədbirdə kataliz və kimya mühəndisliyi sahəsinin ən yeni nailiyyətləri müzakirə edilib, perspektiv layihələr, mühəndis texnologiyasının aktual mövzuları barədə işgüzar fikir mübadiləsi aparılıb.
Konfransda X.Məmmədov “Təbii radionuklidlərin ətraf mühit obyektlərində gedən proseslərdə iştirakı. Ağır metallarla və radionuklidlərlə çirklənmiş torpaqların və üzvi tullantılarla çirklənmiş suların təmizlənmə üsullarının öyrənilməsi” mövzusunda təqdimatla çıxış edib. Alimin məruzəsi bu sahədə qabaqcıl ölkələrdən olan ABŞ, Braziliya, Qazaxıstan, Rusiya, Yaponiya, Hindistan və Macarıstanın elmi müəssisələrinin aparıcı alim və mütəxəssislərinin böyük marağına səbəb olub.
Sonda təqdimatla bağlı fəxri sertifikat verilib. Konfrans çərçivəsində Emori Universitetinin (Atlanta, Kaliforniya, ABŞ) professoru, Nobel mükafatı nominantı Kreyq L. Hill, Stenford Universitetinin professoru Michal Bajdiç, Şimali Karolina NC A-T Universitetinin NSF-CREST Bioenerji Mərkəzinin (Greensboro, Şimali Karolina, ABŞ) professoru Debaşis Cuila, Al-Farabi Qazax Milli Universitetinin (Qazaxıstan) professoru Gülmira Yar-Muxamedova və San Paolo Federal Universitetinin professoru Yvan Jesus Olortiqa Asencios və digər tanınmış alimlərlə mühazirə mövzusu və Xaqani Məmmədovun məqaləsi ətrafında müzakirə aparılıb. Həmçinin gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib.