İki ölkə regionları arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub Hadisə

İki ölkə regionları arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan ilə Rusiya regionları arasında əməkdaşlıq əlaqələrinin artırılması məqsədilə ölkəmizin Yekaterinburq şəhərindəki baş konsulu İlqar İskəndərov Xantı-Mansiysk şəhərində səfərdə olub.
Konsulluqdan bildiriblər ki, səfərin ilk günü baş konsul Xantı-Mansiysk Muxtar Dairəsində fəaliyyət göstərən “Birlik” Azərbaycan ictimai təşkilatının, Nefteyuqansk şəhərinin “Odlar Yurdu” ictimai təşkilatının, Nijnevartovsk şəhərinin regional mədəni və ictimai təşkilatı, Surqut şəhərinin “Birlik” Azərbaycan milli-mədəni ictimai təşkilatının, Koqalım şəhərinin “Azərbaycan muxtariyyəti” milli-mədəni ictimai təşkilatının və “Dostluq” milli-mədəni ictimai təşkilatının rəhbərləri və nümayəndələri ilə görüşüb.
Baş konsul diaspor təşkilatlarının fəaliyyəti, həmvətənlərimizin problemləri və gündəlik qayğıları ilə maraqlanıb, soydaşlarımızın konsulluq məsələləri ilə bağlı suallarını cavablandırıb, təklif və layihələr ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində İ.İskəndərovun Xantı-Mansiysk şəhər administrasiyasının rəhbərliyi, istehlak bazarı, istehlakçıların hüquqlarının müdafiəsi departamentinin nümayəndələri və şəhər dumasının rəhbərliyi ilə birgə görüşü olub.
Görüşdə regionun aparıcı şirkət və müəssisələrinin rəhbərləri, aqrar sektor və balıq emalı sənayesi üzrə dövlət nümayəndələri, həmçinin fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan iş adamları iştirak ediblər. Tədbirdə Azərbaycan ilə Xantı-Mansiysk Muxtar Dairəsi arasında əməkdaşlıq çərçivəsində ölkəmizdə istehsal olunan və qarşı tərəf üçün maraq kəsb edən məhsulların idxalı, həmçinin regiondan ölkəmizə yerli məhsulların ixracı məsələləri müzakirə edilib.
Baş konsul, həmçinin Xantı-Mansiysk Muxtar Dairəsi qubernatorunun müavini – İqtisadi inkişaf departamentinin rəhbəri Nikolay Milkis ilə görüşüb.
Görüş iştirakçıları Azərbaycan Respublikası ilə Xantı-Mansiysk Muxtar Dairəsi arasında ticari-iqtisadi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, turizm sektorunda əlaqələrin qurulması, bölgədə fəaliyyət göstərən şirkətlərin və iş adamlarının ölkəmizlə münasibətilərinin yaradılması məsələləri müzakirə olunub. Baş konsul Azərbaycanda mövcud olan əlverişli biznes mühiti və investisiya imkanları haqqında görüş iştirakçılarına məlumat verib, ölkəmizdə istehsal edilən məhsulların xarici ölkələrə ixracı potensialından danışıb.
Görüşdə Xantı-Mansiysk Muxtar Dairəsi administrasiyasının Neft-qaz kompleksinin inkişafı idarəsi müdirinin müavini Maksim Novikov, Sənaye departamentinin direktoru Kirill Zaytsev, Xarici əlaqələr idarəsi müdirinin müavini İnna Arkanova, Ticarət-Sənaye Palatası Birliyinin sədri Alfiya Pavkina, Yüksək Texnologiyalar Parkının direktor müavini Yuri Semyonov və dairənin İnkişaf Fondunun baş direktoru Roman Qenkel regionun ölkəmizlə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi mövzusunda təqdimatla çıxış ediblər.
Baş konsul İ.İskəndərovu Xantı-Mansiysk Muxtar Dairəsinə səfəri çərçivəsində Yuqra Dövlət Universitetinin rektoru və bu ali təhsil müəssisəsində təhsil alan tələbələrlə görüşüb. Baş konsul geniş auditoriya qarşısında çıxış edərək universitetin ölkəmizin bir neçə ali təhsil ocağı ilə mövcud əməkdaşlıq əlaqələrindən danışıb, tələbə mübadiləsi, beynəlxalq konfrans və tədbirlərdə iştirak, görkəmli soydaşımız, neftçi, mühəndis-geoloq Fərman Salmanovun bölgədəki əmək fəaliyyəti, neft sənayesinin inkişafındakı xidmətlərindən bəhs edib. Azərbaycan Dövlət Neft Şirkəti və Xantı-Mansiysk Hökumətinin birgə dəstəyi ilə F.Salmanovun adına Elm və Təhsil Mərkəzinin yaradılması layihəsi iştirakçıların diqqətini çəkib.
Çıxış edənlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyətinin 2019-cu ildə Xantı-Mansiysk şəhərinə səfərini xatırlayıb, onun F.Salmanov adına I Beynəlxalq konqresdə iştirakını yüksək qiymətlədiriblər. Tələbələr baş konsulun çıxışını və onlarla söhbətini maraqla qarşılayıb, ona Azərbaycanda gedən inkişaf proseslər barədə suallar ünvanlayıblar.
Görüşün sonunda İ.İskəndərov universitetin fəxri qonaqlar kitabında ürək sözlərini yazıb və rektora xatirə hədiyyəsi təqdim edib.
Həmin gün Baş konsul İ.İskəndərov Xantı-Mansiysk Muxtar Dairəsinin qubernatoru Natalya Komorova ilə də görüşüb.
Xantı-Mansiysk qubernatorunun müavini – İqtisadi inkişaf departamentinin rəhbəri Nikolay Milkisin də iştirak etdiyi görüşdə baş konsulu salamlayan qubernator onun muxtar dairəyə ilk səfərindən məmnunluğunu bildirib, “Дух огня” (Od ruhu) XVIII Beynəlxalq Kinematoqraflar Festivalında fəxri qonaq qismində iştirakla bağlı dəvətini qəbul etdiyinə görə təşəkkürünü ifadə edib. N.Komorova bölgənin Azərbaycan ilə əməkdaşlığını yüksək qiymətləndirirək, ötən il ərzində ticarət dövriyyəsinin 4 milyon ABŞ dollarından artıq olduğunu deyib, bu rəqəmin ilin sonunadək artacağına ümid bəslədiyini söyləyib. Qubernator regionun ölkəmizlə bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb, Azərbaycanda rəqəmsal xidmətlərin göstərilməsi, tibbi xidmətlərin təşkili, balıq və ağac emalı məhsullarının birbaşa tədarükünün təşkili təcrübələrini bölüşə biləcəklərini bildirib.
İ.İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin Rusiyanın regionları ilə əməkdaşlıq əlaqələrinin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb, Xantı-Mansiysk Muxtar Dairəsinin ölkəmizlə əməkdaşlıq üçün lazımi potensiala malik olduğunu bildirib. İ.İskəndərov ölkəmizin Rusiya ilə regionlararası əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirərək, hər il təşkil olunan Azərbaycan-Rusiya forumunda bölgə nümayəndələrini fəal iştiraka dəvət edib. Baş konsul soydaşımız, neftçi, mühəndis-geoloq Fərman Salmanovun əmək fəaliyyəti və əvəzsiz xidmətlərindən də söz açıb.
Xantı-Mansiysk Muxtar Dairəsinə səfəri çərçivəsində baş konsul, həmçinin “Dux oqnya” XVIII Beynəlxalq Kinematoqraflar Festivalında fəxri qonaq qismində iştirak edib. O, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun festival iştirakçılarına təbrik məktubunu bölgə rəhbəri N.Komorovaya təqdim edib.
Səfirin təbrik məktubu festival iştirakçılarının qarşısında oxunub.