Konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsi Hadisə

Konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsi

"Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq" mövzusunda seminar-treninqlərin ilkin mərhələsinə yekun vurulub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzinin (MTM) layihəsi çərçivəsində ölkə üzrə keçirilən silsilə seminar-treninqlərin ilk mərhələsinə yekun vurulub.
APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən MTM-nin direktoru Elmin Əliyev tədbiri açaraq bildirib ki, "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq" mövzusundakı seminar-treninqlər Azərbaycanın tolerantlıq və dözümlülük ənənələrinin tərənnümü, dini dözümsüzlük və radikallığa qarşı maarifləndirmə işlərinin aparılması məqsədi ilə həyata keçirilib. O, çıxışında dünyada baş verən bir çox müasir toqquşma və faciələrin məhz dini zəmində olan dözümsüzlükdən qaynaqlandığına diqqəti çəkərək, bu problemlərin aradan qaldırılması və gələcəkdə baş verməməsinin, digər vasitələrlə bərabər, məhz dözümlülük düşüncəsinin geniş yayılması ilə mümkün olacağını bildirib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov çıxış edərək qeyd edib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir: "Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi, milli mədəni və dini münasibətlər mövcud olub. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında mühüm körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir".
Daha sonra tədbirdə Milli Tolerantlıq Mərkəzinin rəsmi saytının və "Hörmət Naminə Birləş" layihəsinin, eləcə də dini icmaların "Tolerantlıq şəbəkəsi"nin təqdimatı keçirilib, şəbəkə üzvlərinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Milli Tolerantlıq Mərkəzi (MTM) layihəsi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun birgə layihəsi olaraq təsis edilib. Rəsmi təqdimat mərasimində BMT Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanıb. Fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, seminar-treninqlərin və konfransların təşkil edilməsi olan Mərkəz bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində "Tolerantlığın ipək yolu", "Azərbaycan-tolerantlıq məkanı", "Hörmət naminə birləş" kimi bir sıra beynəlxalq və ölkə içi tədbirlər həyata keçirib.