Mətbuat Şurası dəyirmi masa keçirib Hadisə

Mətbuat Şurası dəyirmi masa keçirib

Azərbaycan mediasında informasiya təhlükəsizliyi müzakirə edildi

Dünən Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyi məsələləri media müstəvisində" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin media nümayəndələri ilə görüşü barədə danışıb. MŞ sədri qeyd edib ki, bu konfransın keçirilməsində də məqsəd avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında keçirilmiş müşavirədə səslənən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, konkret təkliflər irəli sürmək və onları sistemləşdirməkdən ibarətdir: "Biz bu tədbirdə daha çox bundan sonra neyləməli olduğumuzu müzakirə edib, media rəhbərlərinin konkret təkliflərini dinləmək istəyirik. Ümummilli məsələlərdə kütləvi informasiya vasitələri eyni mövqedən çıxış etməlidir. Təəssüf ki, cəbhə bölgəsindən gələn xəbərlərdə kifayət qədər anlaşılmazlıq, dağınıqlıq vardı. Yanlış xəbərlər ictimaiyyət arasında çaşqınlıq və ruh düşkünlüyü yaradır".
Əflatun Amaşov bildirib ki, hazırda Mətbuat Şurası Müdafiə Nazirliyi ilə birgə müzakirələr aparır: "Hərbi sahədə, müharibə mövzusunda yazan jurnalistlər üçün treninqlər təşkil ediləcək. Nazirlik tərəfindən həmin jurnalistlərin cəhbə və sərhəd bölgələrinə göndərilməsi planlaşdırılır. Biz çalışacağıq ki, Azərbaycan jurnalistləri üzərlərinə düşən missiyanı lazımınca yerinə yetirə bilsinlər".
Mətbuat Şurası sədrinin sözlərinə görə, dünya praktikasında hər bir ölkənin KİV-i daxili prosesləri ayrılıqda normal işıqlandırır, lakin ümumi dövlət maraqlarına gəldikdə hamı birlikdə fəaliyyət göstərir: "Avqust ayında cəbhə bölgəsində baş verən olaylar zamanı Azərbaycan mediasının fəaliyyətində isə kifayət qədər anlaşılmazlıqlar yarandı. Bəzən Azərbaycan Ordusunun bir neçə kəndi azad etdiyi bildilirdi. Bu xəbərləri Müdafiə Nazirliyinin mətbuat xidməti ilə razılaşdırmamış vermək nə dərəcədə düzgündür?"
Ə.Amaşov dövlət sirri və hərbi sirrə aid olan məqamları açıqlayaraq onları yayan şəxslərə qarşı qanunvericilik çərçivəsində mübarizə aparılmasının vacibliyini vurğulayıb.
O, həmin ərəfədə dezinformasiya yaymış bir neçə internet informasiya portalının konkret adlarını açıqlayıb, eləcə də bəzi hallarda Azərbaycan mediasında erməni mənbələrinə istinadən xəbərlərin yer almasına da təəssüfləndiyini deyib.
Tədbirdə Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məqamlara diqqət yetirilib, həmçinin ötən ay cəbhə xəttində baş verən proseslərlə əlaqədar media orqanlarında getmiş materialların xüsusiyyətləri barədə fikir mübadiləsi aparılıb, informasiya təhlükəsizliyinin daha səmərəli şəkildə qorunması istiqamətində KİV-in üzərinə düşən vəzifələr nəzərdən keçirilib, təkliflər irəli sürülüb, verilən təkliflər qruplaşdırılıb.
Əflatun Amaşov bildirib ki, həmin təkliflər sistemləşdirilib müvafiq dövlət orqanlarına təqdim olunacaq.
MŞ-nin İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Azərbaycan kəndlərinin boşaldılması haqqında dezinformasiya yayanları, hərbi hissələrin, texnikanın dislokasiyası barədə məlumatları açıqlayanları naşılıqda ittiham edib. Onun fikrincə, bəzən milli maraqlara məhz naşılıq ucbatından zərər vurulur.
MŞ-nin İdarə Heyətinin digər üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirən elektron informasiya portalları, eləcə də mənbə olaraq onlara istinad edənlər məsuliyyətə cəlb olunmalıdırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, bəzi dezinformasiyaların yayılmasında maraqlı şəxslər də olub. O, həmin informasiyaları qərəzli şəkildə yayanları Azərbaycan xalqının düşməni adlandırıb. V.Səfərli deyib ki, bəzi mənbələrin kökləri xarici ölkələrə gedib çıxır.
Onun sözlərinə görə, ilk növbədə elektron KİV-in qeydiyyat məsələlərinə yenidən baxılmalıdır. Elektron informasiya mənbələri mütləq qeydiyyatdan keçməlidir. Hətta lazım gələrsə, həmin KİV-in yayımı dayandırılmalıdır: "Elə fikir formalaşa bilər ki, bu, söz, informasiya azadlığına qarşıdır, lakin bu, belə deyil. Azərbaycan müharibə şəraitindədir və informasiyalar da müharibə şəraitinin qanunlarına uyğun verilməlidir".
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev ali məktəblərdə jurnalistika fakültələrində ixtisaslaşma aparılmasını təklif edib.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib ki, Azərbaycan mətbuatında qeyri-peşəkarlıq çoxalıb: "Müəyyən hadisələr vaxtı sosial şəbəkələrə girişlər məhdudlaşdırılmalıdır, MŞ dezinformasiya yayan saytlara qarşı tədbirlər görməlidir".
MŞ-nin İdarə Heyətinin üzvü, milət vəkili Musa Qasımlı təklif edib ki, redaksiyalarda jurnalistlər arasında ixtisaslaşma aparılmalıdır.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun fikrincə, şayiə, dezinformasiyaya imkan verən mətbuat qurumlarının rəhbərləri öz məsuliyyətlərini dərk etməli və işlərinə yenidən baxmalıdırlar. Bununla belə baş redaktor cəza çağırışlarının əleyhinə çıxıb: "Əldə olan informasiya resurslarından dövlət maraqları üçün istifadə edilməsi üçün mexanizm qurulmalıdır. Hadisəyə dərhal reaksiya bildirilməsi üçün redaktorlardan ibarət operativ informasiya mərkəzi yaradılmalıdır".
"Xalq Cəbhəsi" qəzetinin və "Baymedia" informasiya agentliyinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, bu məsələlərdə təkcə ictimai qınaq effektiv vasitə deyil. Onlarla hüququn dili ilə danışılmalı, sanksiyalar tətbiq edilməlidir. Lakin bunu yalnız qeydiyyatdan keçənlərə qarşı etmək mümkündür.
Onun fikrincə, alternativ olaraq bloqqerlərə əlavə qrantlar verilə, alternativ sosial şəbəkələr yaradıla bilər.
"Güney Qafqaz və Orta Asiya Şəbəkəsi" İctimai Birliyinin sədri Azər Həsrət deyib ki, məsələyə yanaşmada mövcud dünya təcrübəsindən istifadə edilməlidir.
"Teleqraf" Media Holdinqinin baş direktoru Aynur Camalqızı bildirib ki, informasiya portallarının qeydiyyatı şərtləri sərtləşdirilməlidir. Eyni zamanda, hərbi strukturların mətbuat xidmətləri daha fəal və operativ olmalıdırlar.
"aznews.az" saytının baş redaktor müavini Ramil Məmmədli Ukrayna təcrübəsini nümunə göstərərək Müdafiə Nazirliyinin işində yeniliklər olmasını, operativ və mərkəzləşdirilmiş qaydada məlumatların yayılmasını istəyib. Onun fikrincə, Müdafiə Nazirliyindəki media ilə bağlı görüşlərə də təkcə redaktorlar yox, müxbirlər də cəlb olunmalıdır.
"Yeni Media Jurnalistləri" İB-nin sədri Xaqani Səfəroğlu təklif edib ki, "KİV haqqında" qanuna dəyişiklik olmalı, qanunda internet media anlayışı verilməli, eləcə də dünya təcrübəsində olduğu kimi, "İnformasiya təhlükəsizliyi haqqında" qanun qəbul edilməlidir. O, həmçinin dövlət orqanlarının mətbuat xidmətlərinin strukturunun tam dəyişdirilməsini, onların tərkibinin genişləndirilməsi və orada informasiya xidmətinin yaradılmasını, eləcə də xidmətə təcrübəli piar menecerlərindən ibarət işçilərin cəlb olunmasını təklif edib.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, qanunvercilikdəki informasiya təhlükəsizliyinə yanaşmaya görə, informasiya resurlarının məhdudlaşdırılması, eləcə də dövlətin siyasətinin informasiya təminatı mexanizminin yaradılmaması Azəbaycanın milli təhlükəsizliyinə təhdid hesab olunur. Ona görə də Müdafiə Nazirliyi informasiya təminatı mexanizmini mütləq təkmilləşdirməlidir.
Müzakirələrdə iştirak edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev qeyd edib ki, dünyada cəmiyyətin informasiya ilə təminatında vahid forma yoxdur. Bu məsələdə hər ölkənin öz xüsusiyyətləri nəzərə alınmalıdır. O, həmçinin bildirib ki, artıq informasiya təhlükəsizliyi məsələsi milli deyil, qlobal problemdir. Ona görə də ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə dövlət proqramı və fəaliyyət planının qəbulu, kadr hazırlığı və digər məsələlərlə bağlı məsələlər həllini tapmalıdır.