BQXK-dən Cavid Məmmədovla bağlı açıqlama Hadisə

BQXK-dən Cavid Məmmədovla bağlı açıqlama

Ermənilərin girov götürdükləri uşağın qaytarılması ilə bağlı razılaşma təsdiqlənmir

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda saxlanılan 15 yaşlı azərbaycanlının geri qaytarılmasına razılıq verilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, BQXK Dağlıq Qarabağda saxlanılan sonuncu azərbaycanlıya sentyabrın 6-da baş çəkib və ondan alınan məlumatlar ailəsinə çatdırılıb.
Hazırda BQXK münaqişə tərəfləri ilə müzakirələr aparır və müzakirələrin mövzusu ictimaiyyətə açıqlanmır: "Ümumiyyətlə, qaytarılma tərəflərin razılaşmasından asılıdır, yəni saxlayan tərəf qaytarmağa, qarşı tərəf isə qəbul etməyə razılıq verməlidir. Ən əsası isə saxlanılan şəxs qayıtmaq arzusunu bildirməlidir. Bu halda Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçi olaraq qaytarılma əməliyyatın vasitəçi kimi iştirak edə bilər. Beynəlxalq Qızıl Xaç Komitəsi yalnız qaytarılma baş tutduqdan sonra bu barədə məlumat verə bilər".
Qeyd edək ki, Ermənistan mətbuatı qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti"nə istinadən 15 yaşlı Cavid Məmmədovun Azərbaycana qaytarılmasına razılıq verildiyini açıqlayıb.