“Gənclərin miqrasiya problemləri” Hadisə

“Gənclərin miqrasiya problemləri”

Səttar Mehbalıyev: "Artıq Azərbaycan miqrant ixrac edən ölkədən, miqrant idxal edən ölkəyə çevrilib"

Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan-Avropa Regional Şurasının birgə qərarı ilə Bakıda "Gənclərin miqrasiya problemləri" mövzusunda beynəlxalq konfrans başlayıb.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, gənclər hər bir ölkənin inkişafı üçün böyük imkan mənbəyidir. O qeyd edib ki, son illər əmək miqrantlarının sosial-iqtisadi çətinliklərinin həlli dünyanın ən vacib problemlərindən birinə çevrilib. Onun sözlərinə görə, Azərbaycan da miqrasiya problemi ilə üzləşib: "Bu toplantıda da məqsəd gənclərin gələcəkdə xarici ölkələrə getməsi və ya orada çalışması üçün yarana biləcək hər hansı problemlərin qarşısını almaqdır. Artıq dünyada 200 milyondan çox insan öz ölkəsindən kənarda yaşayır. Azərbaycan da miqrasiya problemi ilə üzləşib. İlk dəfə torpaqlarımız işğal olunanda bir milyondan çox vətəndaşlarımız öz torpaqlarından didərgin düşdü, bəziləri xarici ölkələrə üz tutdu. Ancaq Azərbaycan son illər güclü inkişaf etdiyindən, digər ölkələrdə olan soydaşlarımız artıq işləmək üçün ölkəmizə qayıdırlar. Artıq Azərbaycan miqrant ixrac edən ölkədən, miqrant idxal edən ölkəyə çevrilib. Azərbaycanda bütün sahələr inkişaf etdikcə, ölkəyə çoxlu sayda işçi qüvvəsi gəlir".
S. Mehbalıyev qeyd edib ki, bütün sosial güzəştlər miqrantlara şamil olunmalıdır. O, AHİK-in gənclərin miqrasiya problemlərinin həlli istiqamətində müəyyən addımlar atdığını vurğulayıb.
Pan-Avropa Regional Şurasının Gənclər Komitəsinin prezidenti Qoda Neverauskaytenin isə çıxışında miqrasiya problemləri sahəsində Həmkarlar İttifaqları ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Sonra tədbir diskussiya şəklində davam edib. Qeyd edək ki, Almaniya, Rusiya, Gürcüstan və Polşadan olan gənclərin iştirakı ilə keçirilən tədbir iki gün davam edəcək.