Çörəyi niyə atırıq? Hadisə

Çörəyi niyə atırıq?

"Bu gün alınan çörəyi sabah yemək olmur"

Hənəm həmişə bizə öyrədirdi ki, yerə düşən çörəyi öpüb gözümüzün üstünə qoyaq. Çörək bərəkətdir və o bərəkət ayaq altına düşdüyü üçün bir gün bizi cəzalandırar; gözümüzü kor edər, özü isə çıxıb gedər. Çörək müqəddəsdir və onu ayaq altına qoyanın cəzası ağır olar. Uşaq dövrlərimiz çörəyi uca tutmağın vacibiliyi ilə bağlı nağıl və əhvalatları dinləməklə keçib. Vaxtilə öpdüyümüz, müqəddəs bildiyimiz çörək indi zibilə atılır.
Paytaxtın müxtəlif yerlərində qurumuş çörək, lavaş, bulka, peçenye, eləcə də digər çörək və un məmulatlarına, həmçinin onların qırıntılarına tez-tez rast gəlmək olar. Orta hesabla hər bir zibil qutusuna gün ərzində təxminən 10-15 kiloqram çörək və un məmulatları, eləcə də onların qırıntıları atılır. Təkcə paytaxt sakinləri gün ərzində tonlarla çörəyi zibil qutularına atırlar. Bu sıraya şadlıq evlərini də əlavə etsək, vəziyyətin daha acınacaqlı olduğu görünər.
Rəyi soruşulan bir çox sakin alınan çörəyin qısa müddətdə xarab olduğunu deyir. Məsələn, Yeni Günəşli qəsəbəsindən Gültəkin Məmmədova deyir ki, alınan çörəyi bir gündən artıq saxlamaq mümkün deyil: "Bu gün alınan çörəyi sabah yemək olmur. Çörəyin içərisi bəzən palçıq kimi olur. Bəzən isə içərisi daşlaşan kimi olur. Buna gərə də hər gün çörək alırıq. Sabaha qalan çörəyi isə atmağa məcburuq".
Fəridə Əhmədova da çörəyin keyfiyyətindən narazıdır: "Zavod çörəyini yalnız alınan gün yemək olur. Buna görə də bir müddət kürə çörəyi aldıq. Amma həmin çörəyin çəkisi az olmaqla yanaşı, həm də keyfiyyətsizdir. Dəfələrlə olub ki, sexdən aldığımız çörəyin içərisindən taxta parçası, daş, un kisəsinin kəndiri çıxıb. Həmin çörəyi isə atmaqdan başqa çarəmiz qalmırdı. İndi isə məcbur olub, evdə bişiririk çörəyi. Evdə bişən çörəyi 3-4 gün saxlamaq olur. Onun tərkibində heç bir dəyişiklik olmur. Həm də bilirik ki, yediyimiz çörəyin keyfiyyəti necədir".
Paytaxtın şadlıq evlərinin birində inzibatçı işləyən Vüqar Ağayev deyir ki, şadlıq evində toy olan günləri artıq qalan əksər ərzaq məhsulları atılır: "Toy başa çatandan sonra artıq qalan ərzaq məhsullarının çoxunu sonrakı günə saxlamaq olmur. Boyat çörəyi də sonrakı gün qonaqlara vermək mümkün deyil. Bu səbəbdən şadlıq evləri artıq qalan çörəkləri atırlar. Çünki o qədər çörəyi nə yemək, nə də başqa şəxslərə vermək mümkün deyil. Şadlıq evlərində xeyli çörəyin artıq qalması bir tərəfdən planlaşdırmanın olmaması ilə bağlıdırsa, digər səbəbi toya gələnlərin sayı ilə bağlıdır. Adam var toyuna 500 adam çağırır, amma 250-300 nəfər gəlir. Nəticədə 500 nəfər üçün hesablanmış çörəyin yarısı ortada qalır. Şadlıq evlərində hər gün məclis olduğu üçün bir tədbir başa çatan kimi, digərinə hazırlıq başlayır. Bu vəziyyət əksər şadlıq evlərində eynidir".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevin sözlərinə görə, çörəyi normal olaraq 36-48 saat ərzində saxlamaq olur: "Sovet dövründə də çörəyi məhz bu müddətdə saxlamaq olurdu. Düzgün saxlanılmadığı halda evdə bişirilən çörək də bu müddətdə quruya bilir. Amma çörəyin bir sutka belə tamam olmamış xarab olması həqiqət deyil. Bununla bağlı fikirləri söyləyəndə alıcılar yəqin ki, bir qədər də qərəzli olur".
Şöbə müdirinin sözlərinə görə, çörəyin bişirilməsində müəyyən qaydalar var və onlara əməl olunur: "Çörəyin qablaşdırılması məcburi olmasa da, bu məhsul qablaşdırıldığı halda daha uzun müddət qalır. Əgər kimsə çörəyi açıq satırsa, onu çörəyi qablaşdırmağa məcbur edə bilmərik. Çünki normativ sənədlərdə belə bir tələb yoxdur. Açıq satışda isə çörək 48 saat ərzində satılıb qurtarmalıdır. Tərkibində çovdar unu olan və qablaşdırılan çörəklər isə 72 saata satılıb qurtarmalıdır. Düzdür, Rusiyada bu müddət 96 saatdır. Amma bizdə hələ ki, həmin çörəyin saxlanılması üçün 72 saat vaxt verilir. Bununla bağlı laborator təcrübə də aparılıb və həmin çörəklər 7 sutkayadək qalır. Yalnız normativlərdə göstərilən müddətlərdən sonra açıq satılan və ya qablaşdırılmış çörəyin bərkiməsi və satışdan çıxarılması haqqında danışmaq olar. Ola bilər ki, satış yerlərində çörəklər daha artıq saxlanılır və əhaliyə təzə çörək kimi təqdim olunur. Əgər çörəkdə bərkimə gedibsə və onun arasında məsaməlilik artıbsa, demək çörək köhnədir. Amma vətəndaşın çörəyin keyfiyyətindən və köhnəliyindən şikayəti varsa, bu zaman onun markalanmasına diqqət yetirmək lazımdır. Əgər çörək markalanıbsa, onun üzərində istehsal vaxtı göstərilməlidir. Çox təəssüflər olsun ki, çörək sexləri çox vaxt bu tarixi göstərməkdən çəkinirlər. Açıq halda satılan çörəklərin isə qaimələri olmalı və çörək mağazalara qaimə ilə verilməlidir".
Çörəyin tərkibinə qatılan kimyəvi məhsullara gəldikdə isə İmran Abdullayev bunun tam normalar çərçivəsində edildiyini bildirdi: "Çörəyin tərkibi əsasən un, xörək duzu, maya və sudan ibarət olmalıdır. Çörək bişirilməsində sıxılmış və ya xəmirdən hazırlanan mayadan istifadə edilməlidir. Həmçinin xəmirin yetişməsi də vacib şərtlərdən biridir. Çörəyin tərkibinə unun keyfiyyətini yaxşılaşdıran müəyyən qida əlavələrinin qatılmasına da yol verilir. Bunlar isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadəsinə icazə verilən qatqılardır. Məsələn, əhali arasında soda kimi tanınan məhsul çörəkdə məsaməliliyi artırmaq üçün istifadə edilir. Xəmir məhsullarına konservantların atılmasına icazə verilmir. Ümumi şəkildə çörəyin tərkibində hansısa qatqıların olması ilə bağlı yalnız sözlə bildirilir. Amma kimsə ortaya bir fakt qoya bilmir ki, bu yerdə çörəyin tərkibinə zərərli kimyəvi maddə qatılır".
Tacirlər İctimai Birliyinin sədri Sevgim Rəhmanov hesab edir ki, çox vaxt unun və çörəyin saxlanma şəraiti normativlərə uyğun olmadığından məhsul tez xarab olur: "Qəbul edilən normativlərə əsasən unun saxlanması üçün xüsusi hava şəraiti olmalıdır. Un yerdən müəyyən qədər aralıda saxlanmalıdır ki, rütubəti qəbul etməsin. Lakin əksər çörək sexlərində bu qaydalara qətiyyən riayət edilmir, un kisələrə torpaq üzərində üst-üstə yığılaraq aylarla saxlanır. Oxşar vəziyyət şəhərin iri çörək zavodlarında da yaşanmaqdadır. Belə ki, əksər çörək bişirmə müəssisələrində adi texniki sudan istifadə edilir, ələnməmiş un və duz qatılır. Tərkibində müxtəlif zərərli kimyəvi maddələr olan ələnməmiş duz və keyfiyyətsiz taxıl məhsulları çörəkdə kartof xəstəliyi yaradır ki, bu da insan orqanizmi üçün təhlükəli hesab olunur. Çörək bişirilən sexlərin əksəriyyətində heç bir normalara uyğun gəlməyən şəraitdə çörək istehsal edilir. Şəhərimizdə fəaliyyət göstərən sexlərin əksəriyyəti uyğunlaşdırılmış binalarda yerləşir. O səbəbdən də sexlərin əksəriyyəti sanitar gigiyenik normalara cavab vermir. Sexlərindən satış nöqtələrinə çörək normativ tələblərə cavab verməyən nəqliyyat vasitəsində daşınır. Bu da çörəyin çirklənməsinə, deformasiyaya uğramasına səbəb olur. Keçmişdə isə Bakıda fəaliyyət göstərən çörək zavodlarının hər birinin ayrıca çörək daşınması üçün nəzərdə tutulan və tam gigiyenik normalara cavab verən maşınlarını yəqin ki, çoxları xatırlayır. Belə şəraitdə hazırlanan və daşınan çörək isə süfrələrdə bir sutkadan artıq qalmır".
Məsələyə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qonşu ölkələrlə müqayisədə Azərbaycanın ərzaq məhsullarına ən az qənaət edən ölkələrdən biri olduğunu bildirib: "Amma çörəyə qənaət dolayısı ilə ölkəmizdə taxıl ehtiyatını artıra, xaricdən taxıl idxalını isə azalda bilər. Ailədə qənaət ən vacib məsələlərdən biridir. Ərzağa qənaət ailələrin büdcəsinə olduqca müsbət təsir göstərir. Ölkəmizdə çörəyə az qənaət olunmasının səbəblərindən biri də onu uzun müddət saxlamağın mümkün olmamasıdır. Çünki çörəyin keyfiyyətində problemlər var. Bir-iki gündən çox saxlayan kimi istifadəyə yararsız olur. ABŞ-ın nə qədər inkişaf etməsinə baxmayaraq, burada ailələrdə ciddi qənaət ənənəsi formalaşıb. Belə bir ənənə ölkəmizdə də formalaşmalıdır. Təəssüf ki, bunun əksini görürük".
Sosioloq Əhməd Qəşəmoğlu dahesab edir ki, çörəyə biganə münasibət bir tərəfdən son zamanlar bununla bağlı maarifləndirmə işlərinin görülməməsi ilə bağlıdırsa, digər tərəfdən də çörəyin keyfiyyətsizliyi ilə əlaqəlidir: "Əvəllər yolda bir tikə çörək görəndə götürüb kənara qoyurdular. Yəni, çörəyə hörmət də, münasibət də yüksək idi. Son illər çörəyin müqəddəsliyi gənclər, uşaqlar arasında 30-40 il bundan əvvəlki kimi təbliğ olunmur. Yəni, çörəyə münasibətin çiy olması görtərir ki, bu barədə əvvəlki təbliğat, maarifləndirmə, aşılama, mənəvi bir münasibət yoxdur. Digər tərəfdən isə bu gün çörəyin keyfiyyəti aşağıdır. İllər əvvəl mağazalarda indiki pulla 30 qəpiyə çörək satılırdı ki, o çox keyfiyyətli idi. İstər bişmə baxımından, istərsə də keyfiyyət baxımından tələbatı ödəyirdi. Mənim yadıma gəlmir ki, o çörəyi alanda hansısa sual ortaya çıxsın. İndiki vaxtda mən bir vətəndaş kimi normal keyfiyyətli çörək tapa bilmirəm. Mağazalarda çeşidlər çoxalıb. Lakin heç biri əvvəlki keyfiyyəti vermir. İçi tam bişmiş, keyfiyyətli çörək tapmaq müşkülə çevrilib. Əgər çörək bu vəziyyətdədirsə, dərhal sual ortaya çıxır ki, aidiyyatı qurumlar, təşkilatlar buna niyə nəzarət etmir? Biz indiki vaxtda böyük bir problemlə rastlaşmışıq. Bakıda həqiqi yeməli çörək tapmaq çox çətinləşib. Ona görə də, evə gələn çörəklərin bir hissəsi keyfiyyətsiz olur. O çörəyin bir qismini yeyirlərsə, bir qismi qalır, çörəyə əvvəlki hörmət də qalmadığından ora-bura atırlar. Onu zibilliyə atmaq isə məsələnin mənəvi tərəfidir. Hər səhər zibilliklərin yanında bəzi adamlar çörəyə müqəddəs münasibət göstərərək atmadan torbalara doldururlar, qoyurlar zibil qabının yanına ki, heyvan saxlayan insanlar gəlib onu götürsün və versin heyvanına. Əslində, biz bununla bilmədən ölkəyə, xalqa ağır bir zərbə vururuq. Çünki orda qalan çörəklərin tərkibində müxtəlif reaksiyalar baş verir. Sonra isə onları yeyən heyvanlardan alınan süd, qatıq insanlara satılır. Bunlar insan orqanizmi üçün kifayət qədər təhlükə mənbəyi olan şeylərdir".
İqtisadçı ekspert Natiq Cəfərli də eyni mövqeyi bölüşür: "Düşünürəm ki, bununla bağlı insanlara izahat işləri aparılmalıdır. İnsanlar bu barədə məlumatlandırılmalıdır. Ümumiyyətlə, cəmiyyətlə bu barədə daha çox danışılarsa, düşünürəm ki, bu problemin həllində müəyyən dərəcə irəliləyişə nail olmaq olar. Amma burda əsas keyfiyyət məsələsi önə çəkilməlidir".

Ülviyyə Tahirqızı