Azərbaycan NATO ölkəsinə 100 ədəd pilotsuz təyyarə verəcək Hadisə

Azərbaycan NATO ölkəsinə 100 ədəd pilotsuz təyyarə verəcək

Yavər Camalov: "MSN tərəfindən yaxın vaxtlarda bir neçə istehsal sahəsi istismara veriləcək"

"Hazırda Azərbaycanda İsraillə birgə yaradılmış birgə müəssisədə pilotsuz uçuş aparatları istehsal olunur. Bu il tək Azərbaycan Ordusunu təmin etməklə yanaşı, NATO ölkələrindən birinə də 100 ədəd pilotsuz təyyarə ixrac etməliyik".
Bunu müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında bildirib. Y.Camalov Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən bir neçə istehsal sahəsinin istismara veriləcəyini açıqlayıb: "Hazırda Azərbaycan müdafiə sənayesi zavodlarında 51 istehsal sahəsi mövcuddur. Bu ilin sonuna qədər 5 yeni zavodun, 7 yeni istehsal sahəsinin istismara verilməsi gözlənilir. Bu zavodlarda əsasən 40-46 mm-lik qumbaraatanların seriya istehsalı təşkil olunacaq. Eyni zamanda, bu qumbaraatanlar üçün döyüş sursatı istehsal ediləcək. Bu sırada M-6, M-12 partlayıcıları, U-25 döyüş sursatlarının istehsalı üçün zavodlar fəaliyyətə başlayacaq. 5,45 mm-dən tutmuş 30 mm-ə qədər bütün atıcı silahlar üçün güllələrin seriyalı istehsalına başlayacağıq. Bütün bunlar Ordumuz üçün böyük əhəmiyyət kəsb edən məmulatlardır".
Nazir qeyd edib ki, 2015-ci ilin birinci rübünün sonunda tank və artilleriya silahları üçün 55 mm-dən tutmuş 100 mm-dək döyüş sursatlarının istehsalına başlanacaq: "Demək olar ki, Ordumuzun artilleriya və tank döyüş sursatlarına olan tələbatını tam ödəyəcəyik".
MSN-in prioritet sahələri barədə məlumat verən nazir xaricdən bəzi texnologiyaların gətiriləcəyini də deyib: "Hazırda maraq dairəmizdə olan bir sıra məmulatların istehsalı var. Bunun üçün I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX) iştirak edən şirkətlərlə də danışıqlar aparılır. Mənə elə gəlir ki, sərginin sonuna qədər həmin texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində razılıq əldə edəcəyik və həmin məhsulların növbəti illərdə Azərbaycanda istehsalı üçün istehsal sahələri yaradacağıq".
O, əlavə edib ki, hazırda nazirlik xarici ölkələrdə keçirilən tenderlərdə iştirak edir. MSN Türkiyədə qumbaraatanlar, bir neçə kalibr üzrə döyüş sursatları, eləcə də bir neçə ölkədə minaatanlar və digər istiqamətlər üzrə tenderin də qalibi olub.