Bakıda beynəlxalq silah sərgisi Hadisə

Bakıda beynəlxalq silah sərgisi

8 ölkədən 200 şirkət öz hərbi məhsullarını və döyüş texnikalarını nümayiş etdirir

Dünən Bakı Ekspo Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (ADEX-2014) açılışı keçirilib. Açılış tədbirində Azərbaycan prezidenti İlham Əliyevin sərgisi iştirakçılarına müraciəti oxunub.
Müraciəti Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev səsləndirib.
Dövlət başçısı müraciətində bildirib ki, bu sərginin ilk dəfə regionun böyük iqtisadi potensialına malik dövlətlərindən olan müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində təşkili heç də təsadüfi deyil: "Sürətlə modernləşən respublikamızın iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir. Ölkəmizdə 2014-cü il "Sənaye ili" elan olunub və cari ilin ötən dövrü ərzində sənayenin bütün istiqamətləri üzrə müsbət nəticələr qazanılıb. Bu baxımdan ümidvaram ki, sərgi ənənəvi xarakter alaraq, öz əhatə dairəsini davamlı surətdə genişləndirəcək. Daim dəyişən dünyamızda dövlətlərin yeni təhlükəsizlik çağırışları ilə üzləşməsi, hərbi-texniki əməkdaşlıq və müasir texnologiyaların mübadiləsi məsələlərinin aktuallığını daha da artırıb. Xarici hərbi təcavüz nəticəsində torpaqları işğala və terrorizmə məruz qalmış Azərbaycan Respublikası təhlükəsizliyinin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlıq münasibətlərinin dərinləşməsini hər zaman diqqət mərkəzində saxlayır. Qəbul edilmiş "Hərbi doktrina" çərçivəsində özünün müdafiə potensialını gücləndirərək ümumbəşəri ədalət prinsiplərini bölüşən bütün dost və tərəfdaş dövlətlərlə işbirliyinə yüksək maraq göstərir. İnanıram ki, bu sərgidə aparılacaq səmərəli görüşlər və işgüzar danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə töhfəsini verəcək, mövcud müasir texnologiyalar bazarının ədalətli rəqabət meydanına çevrilməsində xüsusi rol oynaycaq".
Qeyd edək ki, sərgidə 8 ölkənin - Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukrayanın istehsal etdiyi silahlar və döyüş texnikaları nümayiş olunur.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil olunan sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir.
Sərginin təşkilati tərəfdaşları "İteca Caspian" və "Caspian Event Organisers" şirkətləridir. Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukrayanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirirlər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənir. Sərginin platin sponsoru Niderland Krallığının "Damen Shipyards Group" gəmiqayırma şirkətdir. Sərginin qızıl sponsoru qismində isə Türkiyənin "Roketsan" şirkəti çıxış edir.
Sərgidə ən yeni nailiyyətlər 6 tematik istiqamət üzrə təqdim olunur. Bura quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr və əmlak, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı və kosmik texnologiyalar daxildir.
ADEX-2014-ün əsas iştirakçılarından olan Rusiyanın "Rosoboroneksport" şirkətinin nümayəndə heyətinin rəhbəri Yesena Topoyeva bildirib ki, sərgidə Rusiyanın döyüş təyyarələri, gəmiləri və katerləri, zirehli texnikası, raket və artilleriya sistemləri, döyüş sursatları, hava hücumundan müdafiənin əsas vasitələri, həmçinin bəzi trenajor sistemlərini nümayiş etdirilir.
Rusiya ekspozisiyasının bir nömrəli pavilyonunda Ka-52 kəşfiyyat döyüş vertolyotunun natura nümunələri ilə tanış olmaq mümkündür. Həmçinin, burada "T-90S"-nin müasirləşdirilmiş tankları, BMP-3 piyada döyüş maşınları, "Pələng" zirehli avtomobilləri, BMPT-72 hərbi maşınları və özüyeriyən "Msta-S" texnikası nümayiş etdirilir.
Rusiya "Triumf" S-400, "Antey-2500", "Buk-M2E", "Tor-M2E", ZRPK "Pansir-S1", PZRK "İqla-S" artilleriya sistemlərini də nümayişə çıxarıb.
Sərgi sentyabrın 13-dək davam edəcək.
Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri İsmet Yılmaz Bakıda keçirilən "ADEX 2014" Beynəlxalq müdafiə sənayesində iştirak üçün Azərbaycana gəlib. Azərbaycanla müdafiə sahəsində olan münasibətlərdən çox razı olduğunu bəyan edən nazir qeyd edib ki, bu münasibətlər yaxın gələcəkdə daha da inkişaf etdiriləcək.