Orta məktəblərdə dini dərs Hadisə

Orta məktəblərdə dini dərs

Bu fənni fakültativ məşğələ saatlarında keçmək həm tamamilə kifayətdir

Cavid

Orta məktəblərdə dini dərslərin tədrisi yenidən gündəmə gəldi. Bu dəfə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı tərəfindən. Komitə sədri bildirib ki, gələcəkdə Azərbaycandakı orta məktəblərdə dini dərslər tədris oluna bilər.
O deyib ki, hazırda məktəblərdə tarix və ədəbiyyat dərsliklərində şagirdlərin dini biliklərinin artırılması üçün materiallar var: "Amma gələcəkdə bu sahəyə cavabdeh mütəxəssislərin, təhsil işçilərinin və din xadimlərinin iştirakı ilə müzakirələr aparılaraq, orta məktəblərdə dini dərslər kurs formasında tədris oluna bilər. Hələlik belə bir ideya var. Amma mənim təşəbbüsüm deyil".
Komitə sədrinin sözlərinə görə, tarix dərsliklərində dini biliklərin artırılması istiqamətində də təkliflər var.
Zaman-zaman bu məsələ gündəmə çıxarılsa və hətta dövlət səviyyəsində müzakirə olunsa da müxtəlif səbəblərdən reallaşmayıb.
Ekspert Elçin Əsgərovun fikrincə, orta məktəblərdə "İslamın əsasları" kursunu tətbiq etmək elə də böyük problem deyil. Onun fikrincə, orta məktəblərdə dinin əsaslarının tədrisini tətbiq etməklə bağlı problem var: "Dərsi necə həyata keçirməli, kimlər dərs desin, ədəbiyyat haradan götürülsün, proqram necə tərtib edilsin, maliyyə haradan tapılsın? Bu sualları verənlər bəzən məsələnin konkret həllində maraqlı olmayan tərəflər olur. Əlbəttə, sırf professional maraq baxımından problemə yanaşanlar da var. Lakin hər halda, biz indi göstərməyə çalışacağıq ki, adı çəkilən suallar elə də böyük problem deyildir.
1. Məsələ öz siyasi həllini Heydər Əliyevin ölkə gənclərinin I Formundakı çıxışında (2 fevral 1996) tapıb: "İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün nemətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməlidir və xüsusən, cəmiyyətdə davranışında İslam dininin tələblərinə uyğun olaraq özünü göstərməlidir. Ona görə də İslam dininin məktəblərdə tədris olunması, hesab edirəm ki, günün tələblərindən biridir və bu barədə Təhsil Nazirliyi, müvafiq təşkilatlar düşünməli, lazımi tədbirlər görməlidirlər".
Digər tərəfdən, heç bir qanun və ya göstəriş orta məktəblərdə İslamın əsaslarının tədris olunmasını qadağan etmir və eyni zamanda bu təcrübə demək olar ki, bütün dünya ölkələrində tətbiq olunur.
2. Bu fənn üçün dərs saatları haradan ayrılmalıdır?
Bizcə, cavab çox sadədir. İndiki dövr üçün məsələni tam qloballaşdıraraq yalnız parlament səviyyəsində həll oluna biləcək problem həddinə çatdırmağa ehtiyac yoxdur. Bu fənni Təhsil Nazirliyinin dərs planında nəzərdə tutulmuş "maraq kursları" fakültativ məşğələ saatlarında keçmək həm tamamilə kifayətdir, həm də heç bir yeni qanun dəyişikliyinə ehtiyac doğurmur. Bir də ki, hər bir məktəb bunu müstəqil surətdə həyata keçirə bilər. Ehtiyat edənlər üçün isə Təhsil Nazirliyinin müvafiq sərəncamı məsələni dərhal həll edə bilər.
Bu fənni tədris etmək üçün ədəbiyyat varmı?
Bəli, var. Bunun üçün xaricdə nəşr olunmuş kitab və vəsaitlərə müraciət etmək lazım deyildir.
Hələ 1997-ci ildə Respublika Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə Respublika Dini Araştırmalar Mərkəzi, tanınmış islamşünas, prof. Vasim Məmmədəliyevin rəhbərliyi altında aparıcı mütəxəssislərin iştirakı ilə orta məktəblərin 5 və 6-cı sinifləri üçün nəzərdə tutulmuş "Biz İslamı öyrənirik" kitabını nəşr etdirib. Adı çəkilən kitab 1998-ci ilin yanvarında Respublika Təhsil Nazirliyinin Elmi-Pedaqoji Şurasında müzakirə olunaraq məktəblilər üçün əlavə oxu vəsaiti kimi tövsiyyə olunub, 1998-ci ilin martında isə Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasında müzakirə olunaraq məktəblilər üçün dərslik kimi istifadəsi məqsədəuyğun hesab edilib.
Eyni zamanda, yuxarıda adı çəkilən redaksiyanın rəhbərliyi altında bütün siniflər üçün ayrılıqda dərsliklər hazırlanmış və nəşrə hazır vəziyyətdədirlər. Kitablar Azərbaycan reallıqlarını və spesifikliyini nəzərə almaqla tərtib edilmişdir və bugünkü tələbata uyğundur.
Bu dərsləri demək üçün kadrlar haradan yığılmalıdır?
Rəsmi statistikaya görə Azərbaycanda 4495 orta məktəb var və bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. Belə böyük şagird ordusu və məktəblilər üçün məhz İslam əsaslarını tədris edəcək müəllimlər tapmaq həqiqətən də asan problem deyildir. Respublikada ilahiyyat yönümlü rəsmi statusu olan ali tədris müəssisələri yalnız İslam Universiteti, BDU İlahiyyat fakültəsi və Qafqaz Universiteti İlahiyyat fakultəsidir ki, bunların üçünün birlikdə hazırladıqları məzunların sayı ildə 200 nəfərə çatmır. Digər tərəfdən, bu məzunların əksəriyyəti heç orta məktəbdə müəllim olmağa hazırlaşmırlar da. Bəs onda müəllimləri haradan tapaq?
Bir qədər düşündükdə aydın olur ki, həlli mümkün olmayan heç bir problem yoxdur. Bütün dünyada və o cümlədən Azərbaycənda təhsil sistemlərində yeni fənləri tədris etməyə kadr hazırlamağın və ya bir ixtisası olan müəllimi digər ixtisasa yönəltməyin çox gözəl ənənəsi var - ixtisas artırma kursları. Respublikamızda məhz bu məqsədlə yardılmış xüsusi qurum da var - Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutu. Və bu institut insafən qeyd edək ki, öz vəzifəsinin öhdəsindən heç də pis gəlmir. Problemdən çıxış yolu da buradadır. Təcrübə sübut edir ki, öz daxili marağı olan hər hansı orta məktəb müəlliminə 10-14 gün ərzində gündə 2 saat həcmində müvafiq kursların keçilməsi, həmin müəllimin heç olmazsa, orta siniflərdə dərslik üzrə dinin əsaslarını tədris etməyə hazır olmasına kifayət edir. 1998-ci ilin iyul-avqust aylarında Respublika Dini Araşdırmalar Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının orta məktəb müəllimləri üçün keçirdiyi yay-istirahət maarif düşərgəsinin nəticələri bunu əyani surətdə sübut edir. Həmin düşərgə zamanı 15 gün ərzində Bakının ən müxtəlif məktəblərindən yığılmış 30 müəllim istirahət etmiş, həm də "Biz İslamı öyrənirik" dərsliyi üzrə xüsusi təkmilləşmə kursu keçmişlər. Düşərgənin sonu üçün keçirilən sorğu yoxlaması həmin kursları keçmiş bütün müəllimlərin 5-6-cı siniflərində İslamın əsasları üzrə dərs deməyə hazır olduqlarını göstərmiş oldu. Deməli, nəticə olaraq bunu qeyd edə bilərk ki, orta məktəblərdə dərs deyen müəllimlərdən seçilmiş kadrlar xüsusi 10 günlük kursları keçməklə öz dərsləri ilə yanaşı, İslam dinini də tədris edə bilərlər. Onsuz da məktəblərdə ən ümumi dini biliklərin verilməsi nəzərdə tutulur. Bununla dərhal bir neçə problem həll olunur:
1. Kadr problemi qısa zamanda həll olunur;
2. Həmin kadrlar ali pedaqoji təhsilli və məktəbdə tədris təcrübəsinə malik dünyəvi miəllimlərdən seçilir (bir çoxları İslamın əsasları tədrisi ilə məktəblərdə "mollaların" nüfuzunun başlanacağından möhkəm təşvişə düşürlər);
3. Həmin müəllimlərin maaşları dərs planı ilə nəzərdə tutulmuş maraq kursları fondundan ödənilir (əlavə büdcəyə ehtiyac qalmır).
İlahiyyatçı ekspert Elşad Miri isə Azərbaycanın orta məktəb dərsliklərində dinlə bağlı məlumatların informasiya xarakterli deyil, çox cüzi, səthi yanaşmalar şəklində olduğunu deyir. Onun fikrincə, Türkiyədə gündəmə gələn və Azərbaycanın özündə də mövcud olan, məktəblərdə keçirilən mənəviyyat dərsləri problemin həllinə yardımçı ola bilər: "Türkiyədə fakültativ də olsa, dini fənnin tədris olunması gündəmə gəldiyi, tətbiq edildiyi halda, Azərbaycanda bu məsələnin geridə getməsi və ya tətbiq edilməməsi mənfi haldır. Azərbaycanda Suriyaya gedənlərlə bağlı, eləcə də məzhəb qarşıdurması və digər məsələlərin gündəmə gəlməsi ərəfəsində bu məsələ daha effektiv həllini tapmalıydı".
Ekspertin fikrincə, orta məktəblərdə dinin tədris olunmasının digər variantı kimi, müəyyən vəsaitlərlə uşaqlara dinin ümumi bilgiləri öyrədilməli, bu proses universitetlərdə də fakültativ olaraq keçilməlidir. Elşad Miri əlavə edir ki, orta məktəblərdə bu işi görəcək mütəxəssislərlə bağlı problem varsa, belə kadrlar hazırlanmalıdır. O, dini fənlərin ümumiyyətlə, kəsilib atılmasının heç də yaxşı hal olmadığını vurğulayır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullayev də bu təklifi dəstəkləyib. Onun sözlərinə görə, Azərbaycanda yaranmış dini radikalizm probleminin aradan qaldırılması, insanların dini cəhətdən düzgün maariflənməsi üçün bu addımın atılması vacibdir. "Bu gün Azərbaycanda yaşayan insanlar dini biliyə, savada malik olmaq üçün heç də kütləvi şəkildə məscidlərə axın etmirlər. Çünki məscidlərdə dini dərslər verilmir, insanların dini maariflənməsi üçün kifayət qədər tədris imkanları yoxdur" - deyən QMİ rəsmisi qeyd edib ki, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda problemlərin çoxu gənclərin İslam dinini düzgün anlamaması, yalançı təbliğat səbəbindən yaranır. O qeyd edib ki, hazırda dini maarifləndirmə məsələsində KİV-lərin, xüsusilə televiziyaların işləri qənaətbəxş səviyyədə deyil: "Əgər jurnalistika fakültəsində təhsil alan tələbəyə dinin əsasları tədris edilərsə, o, gələcəkdə hər hansı KİV-də işlədiyi zaman dinlə bağlı necə yazmaq lazım olduğunu biləcək. Bu məqsədlə müvafiq ədəbiyyatın hazırlanması üçün Bakı İslam Universiteti və ya BDU-nun İlahiyyat fakültəsinə təkliflər verilə bilər".